6 şəhər "Eurovision-2017" üçün müraciət etdi 13 İyul 15:48

6 şəhər "Eurovision-2017" üçün müraciət etdi

Ukrayna Milli Televiziyası şəhərlərin 4 seçim mərhələsindən keçəcəyini bildirib.

Ukraynanın 6 şəhəri "Eurovision-2017" musiqi yarışının keçirilməsi üçün Ukrayna Milli Televiziyasına müraciət edib. ANS PRESS-in məlumatına görə bu barədə müsabiqənin yayım hüququna malik Ukrayna Milli Televiziyasından bildirilib. 

Kiyev, Dnepr, Lvov, Odessa, Xarkov və Xerson şəhərlərinin "Eurovision-2017" yarışlarının keçirilməsi üçün ərizə ilə müraciət etdiyi Milli Televiziya tərəfindən təstiqlənib.

"Müsabiqənin keçirilməsində iddialı olan şəhərlər lazım olan bütün sənəd və materialları iyulun 8-nə qədər Milli Televiziyaya çatdıraraq ilk mərhələni operativ şəkildə keçməyə müvəffəq olub. İkinci mərhələdə isə televiziya tərəfindən ayrılan xüsusi komisiya müraciətlərə baxıb onları iyulun 21-də "Eurovision-2017" nin təşkilat komitəsinin iclasında təqdim edəcək" - deyə telekanalın yaydığı məlumatda bildirilir.

Bir müddət əvvəl Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk müsabiqənin hansı şəhərdə keçirilməsi üçün seçimlərə başlanıldığını bildirib. Onun sözlərinə görə "Eurovision-2017" musiqi yarışının keçirilməsini istəyən Ukrayna şəhərləri 4 seçim mərhələsindən keçəcək. İlk mərhələ iyulun 8-də yekunlaşıb.

Ukrayna təmsilçisi - Camala
Ukrayna təmsilçisi - Camala

Mayın 14-də İsveçin paytaxtı Stokholmda keçirilən "Eurovision-2016" mahnı müsabiqəsində Ukrayna təmsilçisi Camala qalib gəlib. Onun ifa etdiyi “1944” adlı mahnı 534 xal toplayıb. 

Ukrayna təmsilçisinin ifa etdiyi “1944” adlı mahnı təxminən 200 min Krım tatarının 1944-cü ildə Rusiya tərəfindən yurdlarından sürgün etməsindən bəhs edir. 

Müsabiqədə 2-ci yeri Avstraliya təmsilçisi Dami İm, 3-cü yeri isə Rusiya nümayəndəsi Sergey Lazarev tutub.

"Miracle" mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli isə 117 xalla 17-ci olub

Camala - "1944"