Ardanın "Barselona"da qalıb-qalmayacağı açıqlandı 14 İyul 17:15

Ardanın "Barselona"da qalıb-qalmayacağı açıqlandı

Türkiyə millisinin liderinin taleyinə aydınlıq gəlib.

Arda Turanın meneceri Əhməd Bulut Turanın "Barselona"dan ayrılacağı iddialarına cavab verib. ANS PRESS-in məlumatına görə, Bulut türk yarımmüdafiəçinin karyerasını Kataloniya klubunda davam etdirəcəyini bildirib.

Son günlər "Barselona"nın Ardanı satacağı ilə bağlı məlumatlar yayılır. Amma "The Guardian"a danışan menecer xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: "Arda ilə digər klubların maraqlanması normal haldı. Ancaq "Barselona"dan ayrılacağı ilə bağlı xəbərlər doğru deyil. Arda "Barselona"da xoşbəxtdir və klubdan ayrılmayacaq".

Əhməd Bulut və Arda
Əhməd Bulut və Arda

Bir müddət əvvəl mətbuatda "Barsa"nın Ardanı transferə çıxardığı iddia edilirdi. İddialara görə, onunla "Arsenal", "Fənərbaxça" və "Borussiya" (Dortmund) klubları yaxından maraqlanıb. Həmçinin Türkiyə çempionu "Beşiktaş"ın Arda Turanı transfer etmək istədiyi barədə xəbər yayılmışdı. Bu iddia ilə "Sabah" qəzeti çıxış edib. Qəzet iddia edib ki, "Barselona"da sıxıntılı günlər keçirən Arda Turanın komandadan ayrılmaq ehtimalı var.

Ardanın son İspaniya çempionu ilə 2020-ci ilə qədər müqaviləsi var. "Barselona" ötən il Ardanı "Atletiko"dan 35 milyon avroya transfer edib. Lakin Kataloniya klubuna qoyulan transfer qadağası səbəbindən futbolçu yanvar ayının 7-nə kimi meydana çıxa bilməyib. Yanvardan oynamağa başlayan türk futbolçu Kataloniya klubunda 25 oyun keçirib və 2 qol vurub.