ATƏT-in Minsk Qrupunun Ankara görüşü nədən xəbər verir 15 İyul 22:50

ATƏT-in Minsk Qrupunun Ankara görüşü nədən xəbər verir

Vaşinqton, Paris və Moskva Türkiyənin Qarabağ danışıqlarında iştirakının vacibliyi qəbul etdi.

Ötən gündən Bakıda səfərdə olan, bir sıra mühüm görüşlər keçirən Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirilən mətbuat konfransı zamanı bəyan etdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri iylun 18-də Ankarada görüşəcəklər.

Nazirin bu açıqlaması həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət üçün gözlənilməz oldu. Sabiq millət vəkili, politoloq Fikrət Sadıqov ANS PRESS-ə bildirib ki, bu görüşün Ankarada keçirilməsi Türkiyənin uğurudur.

Politoloq hesab edir ki, əsas məsələ Minsk Qrupunun Ankarada görüşünün keçirilməsi deyil, həmsdər dövlətlərin bu təklifi qəbul etməsidir.

Deməli ABŞ, Fransa və Rusiya Qarabağ münaqişəsində Ankarının rolunu yüksək qiymətləndirir və qəbul edirlər ki, danışıqlar prosesində Türkiyənin iştirakı vacibdir. ATƏT-in Minsk Qrupunun Ankara görüşü olmayıb. Çünki Ermənistan buna imkan verməzdi. Türkiyə-Ermənistan münasibətləri yüksək səviyyədə çox gərgindir. Düşünmürəm ki, Ankara görüşü Ermənistanın maraqlarına uyğun olsun. Mənə elə gəlir ki, bu, Minsk Qrupunun Ankarada birinci görüşdür
Azərbaycan və Türkiyə xarici işlər nazirləri
Azərbaycan və Türkiyə xarici işlər nazirləri

Politoloq deyir ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində fəallaşmasından, Vyana və Sankt-Peterburq şəhərlərində keçirilən danışıqlardan və Türkiyə-Rusiya münasibətləri müəyyən dərəcədə bərpa ediləndən sonra rəsmi Ankara hesab edir ki, regionun aparıcı ölkələri kimi Qarabağ münaqişəsinin həllində fəal rol oynayır və bu məsələdən heç vaxt uzaq olmayıb.

“ATƏT-in Minsk Qrupunun Ankarada toplanması bundan xəbər verir ki, Türkiyə münaqişənin həllində maraqlı tərəfdir, Azərbaycanın strateji maraqlarını nəzərə alan dövlətdir və nəhayət Azərbaycanın müttəfiqidir. Minsk Qrupunun Ankara görüşündə Türkiyə tərəfi də təkliflərini irəli sürəcək”, - politoloq Fikrət Sadıqov bildirib.

Fikrət Sadıqov Ankara görüşü ilə bağlı digər məqama da toxunub. O hesab edir ki, ola bilsin Türkiyə ilə bağlı müəyyən təkliflər də masa üzərindədir.

Belə ehtimal var ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edildikdən sonra Türkiyə Ermənistanla sərhədləri açmalıdır. Bu məsələ Türkiyəni narahat etməyə bilməz. Ona görə də Ankara bu məsələdə daha konkret mövqeyini bildirmək istəyir. Minskq Qrupunun Ankara görüşü həm Azərbaycanın, həm də Türkiyənin strateji maraqlarına cavab verən görüş olacaq. Qrupun həmsədr dövlətləri buna razılıq verirsə, deməli Vaşinqton, Paris və Moskva hesab edir ki, Ankara da Qarabağ münaqişəsinin həlli prosesinə yaxın olmalı, iştirak etməlidir.

Mövlud Çavuşoğlunun ötən gündən Azərbaycanda səfərdədir.  Türkiyə xarici işlər naziri Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olub.