Avropa Türkiyədə edamın bərpa olunmasından narahatdır 18 İyul 15:36

Avropa Türkiyədə edamın bərpa olunmasından narahatdır

Ankara demokratiya və insan hüquqları normalarına riayət etməlidir.

"Edam cəzası mövcud olan heç bir ölkə Avropa İttifaqına (Aİ) daxil ola bilməz". ANS PRESS- in məlumatına görə, bunu  Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini deyib. 

Bu gün ABŞ dövlət katibi Con Kerri ilə görüşdən sonra xanım Mogerini deyib ki, tərəflər Türkiyədə baş verənlərə görə narahatdırlar və Ankara demokratiya və insan hüquqları normalarına riayət etməlidir.  

Üç gün əvvəl Türkiyədə hərbi çevrilişə cəhd ediləndən sonra Türkiyə höküməti ölüm cəzasının bərpa oluna biləcəyini istisna etməyiblər. 

Ötən gün qanlı hadisələr zamanı orduya qarşı çıxış edən şəxsin dəfn mərasimində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edam cəzasının bərpa oluna biləcəyini açıqlayıb. 

"Biz xalqın bu sorğusunu ciddiyə almaya bilmərik - bu sizin haqqınızdır" - deyə Ərdoğan bildirib. 

Eyni zamanda Ərdoğan qeyd edib ki, bu qərarın qəbul edilməsində digər müvafiq orqanlarla razılaşma əldə edilməlidir və konstitusiya nəzərə alınmalıdır. 
 

Ərdoğan cənazə mərasimində(arxiv)
Ərdoğan cənazə mərasimində(arxiv)

İyulun 15-də axşam saat 22:00 radələrindəTürkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi ölkədə dövlət çevrilişinə cəhd edib. Hadisələr əsasən İstanbul və paytaxt Ankarada cərəyan edib. Hərbçilər əvvəlcə İstanbulun iki böyük magistral “ - Boğaziçi” və “Fatih Sultan Mehmet” körpülərində avtomobillərin hərəkətini dayandırıblar. Ağır zirehli texnika ilə körpünün giriş-çıxışları bağlanıb.

Gecə saatlarında prezident Rəcəb Tayyib Ərdoğan "CNN Türk" telekanalında canlı yayımda skayp vasitəsilə bağlantı yaradaraq xalqa çağırış edib. "Prezident və ali baş komandan olaraq xalqı dövlət çevrilişinin qarşısını almaq üçün meydanlara və hava limanlarına axın etməyə çağırıram".

Prezidentin bu çağırışından sonra xalq meydanlara çıxıb və hərbçilərlə toqquşmalar olub. Nəticədə 290 nəfər həyatını itirib. Öldürülən insanların 161 nəfəri mülki şəxsdir. Xalqın iradəsi nəticəsində dövlət çevrilişinin qarşısı alınıb.

Bundan sonra Türkiyə Silahlı Qüvvələrində kütləvi həbslər başlayıb. Saxlanılanların sayı isə 6 mini ötüb. Onların arasında onlarla general və zabit, 2745 hakim və prokuror da var. Dövlət çevrilişinə cəhd edənlərin həbs edilməsi üçün Türkiyə polisi tərəfindən əməliyyatlar davam edir.