Azərbaycanda körpə qız uşağı küçəyə atıldı 15 İyul 14:47

Azərbaycanda körpə qız uşağı küçəyə atıldı

Uşaq 1 saylı Körpələr Evinə təhvil verilib.

Bakıda yeni doğulmuş qız uşağı küçəyə atılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində qeydə alınıb. Rayonun Gəncə prospekti ev 44-ün girişində küçəyə atılmış yeni doğulmuş qız uşağı tapılaraq 1 saylı Körpələr Evinə təhvil verilib.

Hazırda uşağın valideynlərinin tapılması istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

Azərbaycanda təzə doğulan körpənin küçəyə atılması ilə bağlı sonuncu fakt iyun ayının 23-də qeydə alınıb. Hadisə Gəncə şəhərində baş verib. Yeni Gəncə qəsəbəsi 48-ci binanın girişində təxminən bir həftəlik oğlan uşağı küçəyə atılıb. Əraziyə gedən polis əməkdaşları üzərinə heç bir məlumat qeyd edilməyən uşağı götürərək Gəncə şəhər Körpələr Evinə təhvil veriblər.

Bu hadisələrdən əvvəl də yeni doğulmuş körpələrin küçəyə atılması faktı dəfələrlə qeydə alınıb. Fevral ayında Sabirabadda rayon sakini Nəzarət İsmayılov Sabirabad-Padarçöl avtomobil yolunda hərəkətdə olarkən yolun kənarında sahibsiz çanta aşkarlayıb. Çantaya baxış keçirən N. İsmayılov çantada 4-5 günlük oğlan uşağının olduğunu görüb və körpəni yaşadığı evə aparıb. Gecə körpəni evində saxlayan kişi səhər onu rayon polis idarəsinə təhvil verib.

Məhkəmə tibbi ekspertiza uşağa baxış keçirib və onun üzərində heç bir zorakılıq əlamətləri aşkar etməyib. Körpə artıq Sabirabad Regional Doğum evinə təhvil verilib.