Azəri qızı Günel briliyant işinə başladı 14 İyul 10:54

Azəri qızı Günel briliyant işinə başladı

Türiyədə yaşayan azərbaycanlı müğənni ailə restoranından, yaratdığı brenddən və gözlənilən toyundan danışıb.

"Bir dəfə evlənmək olar. Məndə boşanmaq anlayışı yoxdur". ANS PRESS-in məlumatına görə, bu sözləri türk mətbuatına müsahibəsində Azəri qızı Günel kimi tanınan müğənni deyib. Günel iki illik fasilədən sonra “Gəl Çağıramam” adlı yeni sinqlını çıxarıb.  

Gənc müğənni yeni mahnısının sözlərinin və musiqisinin özünə aid olduğunu deyib. "Ətrafımda olan sənətçi dostlarıma dinlətdim. Hər kəs çox bəyəndi. "Nə üçün bunu sinql etmirsən?" dedilər. Mən də "belə etsək necə olur?" deyə düşünə-düşünə, bir də baxdım ki, studiyadayam. İlk dinləyənlər mənim belə bacarığım olmasından təccübləndilər. Əslində mənim ailədən gələn musiqiçi genlərim var. Atam klarnetçi, anam piano müəlliməsi, qardaşım konservatoriya məzunu, əmilərimin hərəsi bir musiqi aləti ifaçısıdır. Sülaləmizdə musiqiçilər, qanımda mahnı var". 

Azəri qızı hər yanlız qalanda, ürəyi sıxılanda, kədərlənəndə, sevinəndə musiqi bəstələdiyini də etiraf edib. "Hönkür-hönkür ağlayaraq yazmışam. Ən gözəli də əlinə qələm alanda yazdığın kağıza göz yaşının düşməsidir". Müğənni yeni bir mahnı hazırladığını və ona Yunanıstanda klip çəkdirmək niyyəti olduğunu da açıqlayıb. Mahnı ritmik olacaq.

Azəri qızı Günel
Azəri qızı Günel

Günel sənətdən başqa ailəsinin sahib olduqları pizza restoran haqqında da danışıb. O, dadlı yeməklər bişirə bildiyini deyib. Mətbəxi sevdiyini deyən ifaçı müxtəlif cür təamlar hazırladığını da gizlətməyib. "Məni alan yaşadı...".

Bir neçə il öncə şəxsi həyatı ilə gündəmdən düşməyən Günel bu mövzudan da yan keçməyib. O, evlilik, ailə məsələlərinin qədər-qismət işi olduğunu deyib. "Mən nəzərə çox inanıram və tez gözə gəlirəm. Düzdür məni sevənlər xoşbəxt olarlar, amma hazırda belə bir iş yoxdur".

Müğənni Günel
Müğənni Günel

Şərq qadınlarının qızıl-zinətə olan marağı onu bu sahədə biznes qurmağa da sövq edib. "Azərbaycanda da belə məmulatları taxmağı çox sevirlər. İnsanlar mənim zinət əşyalarımı bəyənir, haradan aldığımı soruşurdular. Mən də düşündüm ki, əgər insanlar maraqlanırlarsa mən də dizayn edim. "Əlim ayağım salamatdır, edə bilərəm" dedim və başladım. "GNL Diamonds" adı ilə dizayna başladım. Briliyantlar kiçikdir, amma çox dəyərlidirlər".

Qızıl-zinət işinə də başlayan ifaçı xəyallarındakı tək daş üzüyünün də eskizini hazırladığını deyib. 

Azəri qızı Günel ilk müəllimi hesab edilən İbrahim Tatlısəsdən də bəhs edib. O, imperatorun haqının ödənməz olduğunu deyib.