DİN xəbərdarlıq etdi - uşaqlara nəzarət edin! 13 İyul 13:42

DİN xəbərdarlıq etdi - uşaqlara nəzarət edin!

İki ayda 5 körpə eyvandan yıxılaraq ölüb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq son vaxtlar azyaşlıların yaşadıqları mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri barədə yayılan çoxsaylı xəbərlərə münasibət bildirib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, son zamanlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı səbəbindən azyaşlı övladlarının nəzarətsiz olmaları nəticəsində yaşadıqları mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri hadisələrinin sayının artması ictimaiyyəti ciddi narahat edir.

Belə ki, mayın 12-də paytaxtın Nizami rayonunda 3 yaşlı İsa Vəliyevin, mayın 28-də 3 yaşlı Jalə İbrahimovanın, iyunun 28-də Binəqədi rayonunda 2 yaşlı İmran Quliyevin, iyulun 3-də 5 yaşlı Nadir Xəlilovun və iyulun 10-da Pirallahı rayonunda 2 yaşlı Arzu Abışzadənin yaşadıqları çoxmərtəbəli mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri faktları qeydə alınıb.

Aidiyyəti rayon prokurorluğu və polis orqanları əməkdaşları tərəfindən hadisə yerlərinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Qeyd olunan faktlar üzrə müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işləri başlanıb və istintaq aparılır.

Ailələrin faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmaları tövsiyə edilir.