Əcnəbilərin pulları qaytarılacaq - Prezident fərman imzaladı 12 İyul 23:42

Əcnəbilərin pulları qaytarılacaq - Prezident fərman imzaladı

"Tax free" sisteminin tətbiqi ilə bağlı yeni qayda təsdiqləndi.

Prezident İlham Əliyev “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

ANS PRESS-in məlumatına görə, ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında son illər ərzində bir sıra mühüm nailiyyətlər əldə edilib. Aparılan iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub.

Bu tədbirlərin davamı olaraq növbəti dövrlərdə də iqtisadiyyatın neft gəlirlərindən asılılığının minimuma endirilməsi və qeyri-neft sektorunun inkişafına əsaslanan rəqabət qabiliyyətli milli iqtisadiyyata çevrilməsi əsas vəzifələrdən biri kimi müəyyən edilib.

Göstərilən hədəflərə nail olmaq üçün qeyri-neft sektorunun mühüm sahələrindən olan turizmin inkişafı və ölkənin əlverişli turizm potensialından daha səmərəli istifadə etməklə bu sektorun iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilməsi istiqamətində qabaqcıl beynəlxalq təcrübələr əsasında müntəzəm olaraq işlər həyata keçirilməkdədir.

Ötən dövr ərzində turizm sektorunda görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiya təmin olunub və milli turizm kompleksinin rəqabətə davamlığı yüksəldilib.

Ölkədə turizm infrastrukturunun beynəlxalq tələblərə uyğunlaşdırılması, onun ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi turizm sektorunun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, bu sahədə rəqabətədavamlı qiymət təklifinin təmin edilməsini zəruri edir.

Fərmanda qeyd olunur ki, ölkəyə xarici turistlərin marağının artırılması, turizm sektorunda son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi üçün beynəlxalq təcrübədə xarici turistlərə münasibətdə geniş istifadə edilən “tax free” sisteminin respublikamızda tətbiqinin təmin edilməsi məqsədilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilsin.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmanla təsdiq edilmiş Qaydanın 5.3-cü bəndində nəzərdə tutulan elektron vergi hesab fakturasının vahid formasını on beş gün müddətində təsdiq etmək; həmin Qaydada nəzərdə tutulan infrastrukturun yaradılması üçün maliyyələşməni təmin etmək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Vergilər Nazirliyinə bu fərmanla təsdiq edilmiş Qaydanın 2.1.8-ci yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları) Azərbaycan Maliyyə Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində müəyyən etmək; həmin Qaydanın 3.3-cü bəndində nəzərdə tutulan ərizənin və 3.7-ci bəndində nəzərdə tutulan xidmət müqaviləsinin formalarını, habelə 4.2.4-cü yarımbəndində nəzərdə tutulan stikerin formasını və tətbiqi qaydasını on beş gün müddətində təsdiq etmək; əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (“tax free”) sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə həmin Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını təmin etmək; vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etmək; həmin Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan tələblərin yerinə yetirilməsi məqsədilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti ilə razılaşdırmaqla, iki ay müddətində Vergilər Nazirliyinin məlumat bazasının “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya edilməsini və sistem daxilində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti arasında məlumat mübadiləsinin aparılmasını tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Mədəniyyət və Turizm Nazirliyi Vergilər Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə “tax free” sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat, təşviqat və məlumatlandırma tədbirlərini, o cümlədən kütləvi informasiya vasitələrində və hava nəqliyyatında video çarxların yayımlanmasını və ölkəyə gələn turistlərə müvafiq bukletlərin paylanmasını təmin edəcək.

Maliyyə Nazirliyinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ödənilmiş əlavə dəyər vergisinin, bu Fərmanla təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etmək; həmin Qaydanın 6.10-cu bəndində nəzərdə tutulan rəyin formasını Vergilər Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etmək; on beş gün müddətində həmin Qaydanın məqsədləri üçün müvəkkil banka avans şəklində köçürüləcək minimum məbləği müəyyən etsin və həmin məbləğin bu fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Dövlət Gömrük Komitəsi risklərin azaldılması və əlavə dəyər vergisinin qaytarılması ilə bağlı prosedurların asanlaşdırılması məqsədi ilə malların fiziki yoxlanmasının həmin Qaydanın tələblərinə uyğun olaraq risk qiymətləndirmə sistemi əsasında həyata keçirilməsini təmin edəcək; bu fərmanın 7.1-ci bəndində nəzərdə tutulan risk qiymətləndirməsinin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyi və digər səlahiyyətli dövlət orqanları ilə elektron informasiya mübadiləsinin həyata keçirilməsi üçün iki ay müddətində zəruri tədbirlər görəcək.

Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına tapşırılır ki, bu fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Vergilər Nazirliyinə və digər səlahiyyətli dövlət qurumlarına zəruri kömək göstərilməsini təmin etsinlər.

Bu fərmanın 1-ci hissəsi 2016-cı ilin 16 iyun tarixindən tətbiq edilir.