Əməkdar jurnalist Mais Məmmədovun  78 yaşı tamam olur 12 İyul 10:49

Əməkdar jurnalist Mais Məmmədovun 78 yaşı tamam olur

Qocaman jurnalist fəaliyyətini ANS Şirkətlər Qrupunda davam etdirim.

Əməkdar jurnalist, ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mais Məmmədovun həyatını Azərbaycan xalqı üçün müqəddəs olan Qarabağ savaşından kənarda təsəvvür etmək olmaz. Təsadüfi deyil ki, yaxınları Mais müəllimi Birinci Qarabağ müharibəsinin canlı salnaməçisi sayırlar. SSRİ Mərkəzi Televiziyasının Azərbaycan üzrə xüsusi müxbiri olmuş Mais müəllim Qarabağ münaqişəsi başlanan ilk gündən hadisələrin episentrində olub.

"Moskvada evi, işi olan jurnalist Qarabağ həqiqətlərini dünyaya tanıtmaq üçün Bakıda qalmağa üstünlük verib."

1988-ci ildə Xankəndidə ermənilər ilk dəfə mitinqə başlayanda Azərbaycanın rəhbəri Kamran Bağırov və Sovet İKP MK-nın katibi Girenko ilə birlikdə Qarabağa, mitinq olan meydana gedib və bununla da Mais Məmmədov üçün müqəddəs Qarabağ yolçuluğu başlayıb. Moskvada evi, işi olan jurnalist Qarabağ həqiqətlərini dünyaya tanıtmaq üçün hər şeydən imtina edərək Bakıda qalmağa üstünlük verib. 

Mais müəllim Qarabağda vəziyyətin pisləşməsində o vaxtkı sovet rəhbərliyinin böyük günahı olduğunu deyir: “Orada bir general Safonov var idi, onda Dağlıq Qarabağda bir dənə də erməni əsgəri yox idi. Hər yana post qoymuşdu. Həm də Ermənistanla sərhəddə də keşikçi məntəqələri qoymuşdu ki, yaraqlılar girməsin. Bütün yüklər yoxlanırdı. Sonra Safonovu götürdülər, ermənilər nail oldu ki, kimsə onların silah-sursatını yoxlaya bilməsin”. 

Mais müəllim öz Qarabağ qəzasında çox faktları əbədiləşdirib - Ermənistandan Qarabağa gətirilən silahlar, ermənilər tərəfindən vuruşan və Azərbaycan ordusuna əsir düşmüş rusları çəkib: "Mən 366-cı polkun dislokasiya yerində olmuşdum. Kimyəvi-müdafiə polku idi, 50-60%-i ermənilərdən ibarət idi. Ermənilər rəisləri yemləyirdi, övladları orada xidmət keçirdi. Əlbəttə, onlara hücum etmək, atəş açmaq öyrədirlər. Bu polk Xocalıya hücumda iştirak etmişdi. Ermənistanın ordusu olmasa da, Rusiyaya məxsus sayılsa da, orada ermənilər xidmət edirdi. Yarısı erməni idi".

Mais müəllimin ömür salnaməsində Xocalının ayrı yeri var. Erməni faşistlərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törətdikləri Xocalı soyqırımı barədə ilk məlumatlar yayılan zaman boş dura bilməyib, hadisə yerinə can atıb. Əfsanəvi jurnalist, Milli Qəhrəman Çingiz Mustafayevlə birlikdə Xocalı qurbanlarının şəhid cəsədlərini ilk aşkarlayanlardan biri də məhz Mais Məmmədov olub. Əməkdar jurnalist hər dəfə soyqırımın baş verdiyi günlərin acı xatirəsini danışan zaman istər-istəməz Milli Qəhrəman Çingiz Mustafayevi xatılayır: “Hər dəfə söhbət Xocalıdan gedəndə mən həmişə Çingizi xatırlayıram. Təkcə ona görə yox ki, o, bütün bunları çəkib. Həm də ona görə ki, bu gün Çexiya, ABŞ-ın bir neçə ştatı Xocalıda soyqırım olduğunu təsdiqləyir və bunda az da olsa, Çingizin xidməti var. O, dünyanı inandıra bildi, sadəcə çəkiliş aparmadı, həm də dünyanın fikrini dəyişdi”.

Mais müəllim apardığı müqəddəs savaşda gec-tez ədalətin qələbə çalacağına və Azərbaycanın müzəffər ordusunun müqəddəs Şuşa şəhərinə daxil olacağına inanır: “Hər bir adam elədiyinə görə cavab verəcək. Həqiqət öz yerini tapacaq. Ermənilər nə etsələr də… Yəqin ki, sağlam düşüncəli ermənilər baş verənlərə görə xəcalət çəkirlər. Nə vaxtsa onlar bunu etiraf edəcəklər. Mən buna əminəm”.

Lakin Böyük Ustad, Azərbaycan jurnalistikasının ağsaqqalı bu qələbəni təmin etmək üçün xalqımızı mətin olmağa, ermənilərin törətdikləri qırğınları unutmamağa çağırır: “1915-ci ildə, 1917-ci ildə, olan soyqırım və qırğınları unutduğumuz kimi Xocalını da unutsaq, onda nə olacaq?.. Hər şeyi yadda saxlamaq lazımdır. Yaxşını da, pisi də. Xatırlamasaq, hər şeyi itirəcəyik”.

Mais Məmmədov
Mais Məmmədov

Bu gün isə Mais Məmmədovun 78 yaşı tamam olur. Tanınmış jurnalist 1938-ci ildə Bakıda anadan olub. 

Mais Məmmədov 2007-ci ildən ANS Şirkətlər Qrupunun ictimai əlaqələr üzrə baş müşaviri, eyni zamanda ANS Televiziyasının Fəxri Sədridir. 1998-ci ildən 2007-ci ilədək ANS Müstəqil Yayım və Media Şirkətində rəhbər vəzifələrdə işləyib. 

Bu gün o, geniş təcrübəsini həm bütün ANS ilə bölüşür. Əməkdar jurnalist heç nəyə baxmayarq hər gün səhər tezdən işdədir. Bir peşəkar və məşhur jurnalist kimi onun məsləhətləri bizim üçün çox önəmlidir. 

ANS PRESS Mais Məmmədova həmişə belə şux olmağı arzulayırıq. Çox yaşa Mais müəllim!