Ərdoğan qiyam zamanı ölümdən necə xilas oldu? 18 İyul 13:08

Ərdoğan qiyam zamanı ölümdən necə xilas oldu?

Qırıcılar onun təyyarəsini havada haqlayıblar.

Türkiyədə dövlət çevrilişinə uğursuz cəhddən sonra baş vermiş qanlı hadisənin təfərrüatları yavaş-yavaş işıq üzünə çıxmağa başlayır. ANS PRESS-in məlumatına görə, həmin zaman marmarisdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qiyamçıların əlindən necə xilas olduğu bəlli olub.

Bu barədə “Al Jazeera” telekanalı xəbər yayıb. İddialara görə, Ərdoğan hərbi çevrilişə cəhd edən hərbçilərin gəlişindən yarım saat əvvəl Marmarisdə qaldığı oteli tərk edib. Qiyam təşkilatçıları otelə onu həbs etmək və ya öldürmək üçün hərbçilərin olduğu üç helikopter göndərib. 

“Bordo bereli” xüsusi təyinatlıların olduğu ehtimal edilən dəstə otelə kəndirlə enib. Otuza yaxın xüsusi təyinatlı oteldə Ərdoğanın mühafizəçiləri və polislərlə döyüşüb. Onların gəlişindən cəmi yarım saat əvvəl oteli tərk etməyə imkan tapan Ərdoğan həmin vaxt orada olmayıb.

“Gulfstream G450” təyyarəsi
“Gulfstream G450” təyyarəsi

Türkiyə prezidentinin “Gulfstream G450” təyyarəsi Marmaris ətrafındakı Dalaman aerportundan yerli vaxtla saat 20.40-da (Bakı vaxtı ilə 21:40) havaya qalxıb. Havada onun təyyarəsini qiyamçıların "F-16" qırıcıları haqlayıb. “Onlar Ərdoğanın təyyarəsinin və təyyarəni müşaiyət edən iki "F-16" qırıcısının radarlarını kilidləyiblər”- adının açıqlanmamasını istəyən keçmiş türk zabiti bildirib.

Lakin məlum olmayan səbəblərdən qiyamçılar Ərdoğanın təyyarəsini vurmayıb və təyyarənin Atatürk hava limanına enməsinə imkan veriblər. 

“Reuters” agentliyi isə çevriliş cəhdinin bəzi başqa detallarını da yayıb. Məlumata görə, hava qüvvələrinin Ərdoğana sadiq qırıcıları Ankaranın qərbindəki aviabazadan qalxaraq qiyamçıların nəzarətinə keçmiş Akıncı aviabzasına zərbə endiriblər. Lakin qiyamçıların qırıcıları həmin vaxt artıq havada idi və İncirlikdəki NATO  bazasından qaldırılmış yanacaqdolduran təyyarənin hesabına uzun müddət havada qala biliblər.

İyulun 15-də axşam saat 22:00 radələrində Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi ölkədə dövlət çevrilişinə cəhd edib. Hadisələr əsasən İstanbul və paytaxt Ankarada cərəyan edib. Hərbçilər əvvəlcə İstanbulun iki böyük magistral “Boğaziçi” və “Fatih Sultan Mehmet” körpülərində avtomobillərin hərəkətini dayandırıblar. Ağır zirehli texnika ilə körpünün giriş-çıxışları bağlanıb.

Gecə saatlarında prezident Rəcəb Tayyib Ərdoğan "CNNTürk" telekanalında canlı yayımda skayp vasitəsilə bağlantı yaradaraq xalqa çağırış edib. "Prezident və ali baş komandan olaraq xalqı dövlət çevrilişinin qarşısını almaq üçün meydanlara və hava limanlarına axın etməyə çağırıram".

Prezidentin bu çağırışından sonra xalq meydanlara çıxıb və hərbçilərlə toqquşmalar olub. Nəticədə 290 nəfər həyatını itirib. Öldürülən insanların 161 nəfəri mülki şəxsdir. Xalqın iradəsi nəticəsində dövlət çevrilişinin qarşısı alınıb.

Bundan sonra Türkiyə Silahlı Qüvvələrinə kütləvi həbslər başlayıb. Saxlanılanların sayı isə 6 mini ötüb. Onların arasında onlarla general və zabit, 2745 hakim və prokuror da var.

Dövlət çevrilişinə cəhd edənlərin həbs edilməsi üçün Türkiyə polisi tərəfindən əməliyyatlar davam edir.