Əslində Türkiyədə nə baş verirdi? 17 İyul 22:35

Əslində Türkiyədə nə baş verirdi?

Baş verənləri sonadək bir dövlət çevriliş adlandırmaq alınmır.

Türkiyədə baş verənləri sonadək bir dövlət çevriliş adlandırmaq alınmır. Bu, bir terror ssenarisinə də bənzəyir. Məsələn hesab etmək olar ki, terrorçular hərbi forma geyinmişdilər. Onların əl atdığı üsul da terrorçulara xas idi. Kimisə girov götürmüşdülər və bundan təzyiq vasitəsi tək istifadə edirdilər.  Sadəcə girov müqabilində tələb irəli sürmürdülər. Bombalama, atəş açmaq da məhz terrorçuların üsuluna yaxın idi.

Əslində isə klassik hərbi çevriliş modelinə görə gördüklərimiz başqa cür olmalıydı. Qarşı tərəf hərbi çeriliş etmək fikrində idisə və artıq dövlət televiziyasını - TRT-ni ələ keçirmişdisə, onun aparıcısını lazımi müraciəti oxumağa vadar etmişdilərsə, ardınca başqa addımalar gəlməliydi. Belə olan halda ələ keçirilmiş televiziya kanalından yüksək rütbəli hərbçi efirə çıxmalı, vəziyyətə nəzarəti hərbçilərin ələ keçirdikldərini şəxsən elan etməli, ölkənin bütün ərazisi boyu komendant saatı elan edildiyini, partiyaların və mətbuatın fəaliyyətinin dayanldırıldığını açıqlamalı, ən xırda yaşayış məntəqəsinədək hər bir rayonda, vilayətdə, kənddə  hakimyyəti hansı hərbçinin idarə edəcəyini söyləməliydi.

Nəzərə alsaq ki, hadisənin bizə görünən tərəfinin startı təxminən saat 23-20-ə təsadüf edirdi və qarşıda hələ kifayət qədər vaxt var idi ki, hərbçilər öz arzularını arxayınlıqla yerinə yetirsinlər. Amma çevriliş etmək istəyənlər özlərini ən azı qəribə aparırdılar. Əllərində raket daşıyan gəmi və f-16-lar da  daxil olmaqla böyük gücə malik olan dəstə elə bil müəyyən addımlardan sonra dayandı və gözləməyə başladı. Maraqlıdır niyə? 

Hadisənin gedişi də göstərdi ki, bu, dövlət çevrilişindən daha çox terror aktına, özü də bu dəfə daha geniş miqyasda həyata keçirilən terror aktına bənzəyir. Hadisə başlayandan ANS-in Xəbərlər Xidməti fövqəladə rejimə, fasizəsiz xəbər yayımına keçdi. Türkiyənin məruz qaldığı dövlət böhranını və bu dövləti düşldüyü ağır vəziyyətdən çıxaran xalqın kütləvi fədakarlığını göstərdi.

Bu gün artıq Türkiyə "keçmiş olsun" deyir, hamı son iki günün dəhşətini küçələr, caddələr dolusu bayram izdihamları, demokratiya və azadlıq təntənəsi ilə unutmağa çalışır. Amma hər şey başqa cür də ola bilərdi. Bir millətin iki dövlətindən biri çevrilişə məruz qala, Azərbaycanın dünyadakı ən yaxın dostu və ən yaxın müttəfiqinin dövləti və siyasi xarakteri dəyişə bilərdi.

Nə yaxşı ki, bu, baş vermədi. Xalq öz məsləhət bildiyini qorudu saxladı və bu gündən sonra bu dövlət yeniləndi və onun bir əsas təsisçisi var. Ölüm və məhv olma riski qarşısında çəkiməyə, şəhidlər verərək dövlətini, onun başçısını qoruyan türk xalqı. Bu hadisədən sonra Ərdoğan və onun hakimiyyəti bu dövləti bu xalqa borcludur. Bu xalq ən çətin məqamda müxalifət-iqtidar söhbətini, irili-xırdalı təfriqələri ayrı-seçkilikləri unudub dövləti qorudu. 

Mir Şahin Türkiyə hadisələri barədə