Fransa terrorunda erməni, rus və ukraynalı həlak olub 15 İyul 14:57

Fransa terrorunda erməni, rus və ukraynalı həlak olub

Ölənlər arasında azərbaycanlı yoxdur.

Fransanın Nitsa şəhərində ölən və yaralılar arasında əcnəbi vətəndaşlar var. ANS PRESS-in məlumatına görə, faciədə həm Ukrayna, həm də Rusiya, həm də Ermənistansdan bir nəfərin öldüyü haqqında xəbərlər yayılıb.

Rusiya Turizm Sənaye İttifaqının mətbuat katibi İrina Tyurina məlumat verərək bildirib ki, hadisə baş verən an Rusiyadan olan iki rəfiqə İngilis sahili boyunca gəzib. Elə bu zaman onlardan biri yük maşınının təkəri altında qalaraq ölüb, digəri isə yaralanıb. Yaralanan şəxsin ayaq barmaqları sınıb və o, bir neçə kiçik zədələr alıb. Ölən qızın isə 20 yaşlı Moskva sakini Viktoriya Savçenko olduğu deyilir.

Ukrayna Xarici İşlər naziri Pavel Klimkin də Ukraynadan olan bir nəfərin faciə qurbanı olduğu haqqında məlumat verib. Onun sözlərinə görə, daha bir nəfər ağır yaralanıb.

"Mən ölənlərə baş sağlığı verirəm. Bizim işçilər daim Fransa səfirliyi ilə əlaqələr saxlayır və ən son məlumatları öyrənir", - deyə Pavel öz "Twitter" səhifəsində yazıb.

Ermənistanın Xarici İşlər Nazirliyi Fransa terrorunda bir erməninin öldüyünü açıqlayıb. Nazirliyin məlumatına görə, hazırda ölən kimliyi barədə araşdırmalar gedir.

Fransanın Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 84 nəfərə çatıb. Hadisə nəticəsində yaralı sayı isə 120 nəfərdir. Onlarla insanın ölümünə səbəb olmuş bu hadisənin əvvəlcədən planlaşdırıldığı məlum olub. Məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. 

Bastiliyanın alınmasının ildönümünə həsr olunan  tədbirdə yük maşını insanların üstünə sürülüb. Daha sonra bayram tədbirinə toplananlara atəş açılıb.