Fransada qanlı terrorun səbəbləri 15 İyul 18:54

Fransada qanlı terrorun səbəbləri

Keçmiş MTN-çi terrorun niyə məhz Fransada və ötən gecə baş verdiyini açıqladı.

“Fransa hər zaman Şimali Afrika və ərəb ölkələri ilə güclü əlaqələrə malik olub. Vaxtı ilə müstəmləkələri olan, daha sonra müstəqillik qazanan ərəblərin Fransa ilə münasibətləri yaxşı olub. Ərəb kökənli insanlar Fransada məskunlaşıb və Fransa vətandaşlığı alıblar. Müasir dövrdə islam adından istifadə edən radikalların sayı çoxalandan sonra Fransada dünyaya gəlmiş insanlar, gənclər radikal qanadlara xüsusi meyl elədilər”.

Bunu keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə müdiri, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl ANS PRESS-ə ötən gün Fransanın Nitsada baş verən terror aktını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, bu amil terrorçu qüvvələrə istədiklərini həyata keçirmək üçün daha rahat və asan şərait yaradır.

Niyə məhz Fransa ?

“Ərəblərin Fransada olması terrorçuların işinə yarayır. Hansısa ölkədən tranzit göndərməkdənsə elə Fransada yaşayan öz vətəndaşlarından istifadə etmək daha asan və daha sərfəlidir. Avropa çempionatı keçirilən zaman bu işi görə bilmədilər. Ona görə ki, stadionlar konkret olaraq bir ərazidədir, girişi-çıxışı bəllidir. Orada terror törətmək çətindir. Bəlli bir yer olduğundan hamı yoxlanılır, güclü mühafizə var. İnsanların kütləvi toplaşdığı yer, Nitsa kimi bir yerdə ucu-bucağı görünməyən bir bulvar sahəsi. Bütün bunlar məsələni asanlaşdırır. Yerli sakinlər isə ərazini ora göndərilən əfqan və ya çeçəndən daha yaxşı tanıyır”, - deyə İlham İsmayıl bildirib.

Keçmiş MTN-in sabiq polkovniki İlham İsmayıl
Keçmiş MTN-in sabiq polkovniki İlham İsmayıl

Niyə məhz Bastiliyanın alınması günü ?

“Burada məqsəd sadəcə terror naminə terror törətmək deyil. İnsanların qələbəliyi əsas məsələdir. Buna görə, Bastiliyanın alınması gününü gözlədilər. 2 ci bir məqam Bastiliyanın alınması günü dünyada demokratikləşmənin əsası qoyulub. Bu son terrorda təkcə Fransaya deyil, bütün demokratik dünyaya Qərb dünyasına yönəlib. Fransa aviasiyası İŞİD-ə zərbələr endirir, bu məsələni də nəzərə almaq lazımdır. Ərəb kökənli insanların orada çox olması onların işini asanlaşdırır”.

Son məlumata görə, Nitsada Bastiliyanın alınması günü törədilən terror aktının qurbanlarının sayı 84 nəfərə çatıb. Ölən və xəsarət alanlar arasında uşaqlar və əcnəbi vətəndaşlar var. 

Yerli mətbuatda yer alan məlumata görə, Nitsa şəhərində 84 nəfərin ölümünə səbəb olan şəxs Məhəmməd Lahouaiej Buleladlı şəxsdir. Yük maşınını insanların üzərinə sürən, sonra isə onları atəşə tutan terrorçu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Bundan öncə terrorçunun 1985-ci ildə doğulduğu və Tunis əsilli olduğu bildirilirdi. İddiaya görə, adıçəkilən şəxsin şiddətə meyillilik və silah saxlamaq ittihamları ilə bağlı polisdə qeydiyyatı var. Fransız polisi daha öncə qətliamı "yanlız qurd"un (yəni radikallaşan, İŞİD terrorçularının "buraya gəlməyin, olduğunuz yerdə terror törədin" çağırışına əməl edən şəxs) törətdiyini qeyd etmişdi.