Hava isinməyə başlayır 12 İyul 15:09

Hava isinməyə başlayır

İyulun 13-15-də iqlim normasına yaxın temperatur olacaq.

İyulun 13-15-də Abşeron  yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 28-32, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.