I və IV qruplar üzrə imtahanların nəticələrinin elan olunacağı gün 15 İyul 20:46

I və IV qruplar üzrə imtahanların nəticələrinin elan olunacağı gün

İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 15-də 2016/2017 ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Komissiyadan ANS PRESS-ə verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 47 binada aparılıb.

Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər sənədlərini gətirmədikləri üçün imtahana buraxılmayıblar. Növbəti imtahanda iştirak edəcək abituriyentlərə xatırladırıq ki, imtahanda aşağıdakı sənədlər tələb olunur:

- “İmtahana buraxılış vərəqəsi”;
- şəxsiyyəti təsdiq edən sənədin əsli:
- 16 yaşı 2016-cı il iyunun 1-dək tamam olmayan şagirdlər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Həmçinin imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları isə TQDK-nın internet saytında və "facebook" səhifəsində yerləşdiriləcək.

İyulun 16-dan etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.