İlham Əliyev Ərdoğana məktub yazdı 16 İyul 16:35

İlham Əliyev Ərdoğana məktub yazdı

"Hadisələri böyük narahatlıqla və üzülərək izləyirəm"

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ötən gecə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd ilə bağlı məktub ünvanlayıb.

ANS PRESS-in məlumatına görə,  məktubda prezident İlham Əliyev hadisələri böyük narahatlıqla və üzülərək izlədiyini qeyd edib: “Bu, bir tərəfdən Türkiyənin dövlətçiliyinə, digər tərəfdən Türk xalqına, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayətdir.

Həmişə Türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı və dövləti Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir".

Əminəm ki, Türkiyə xalqı və hakimiyyətinin birliyini nümayiş etdirərək çevriliş cəhdinin qarşısının alınması istiqamətində həyata keçirdiyiniz qəti tədbirlər nəticəsində qardaş ölkədə vəziyyət qısa zamanda sabitləşəcək və əvvəlki qaydasına düşəcəkdir.

"Əziz Qardaşım, mən dövlət çevrilişi cəhdinin qarşısının alınması üçün canlarını verən şəhidlərin ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Üsyanda yaralanan dinc əhali
Üsyanda yaralanan dinc əhali

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirlər. İndiyənədək, rəsmi məlumata görə, 2839 nəfər həbs olunub.

Türkiyədə ümumilikdə 265 nəfər həyatını itirib (161 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb.