İlham İsmayıl: "Türk əsgərini yerə uzadılmış görmək yalnız Türkiyə düşmənlərini sevindirir" 16 İyul 16:06

İlham İsmayıl: "Türk əsgərini yerə uzadılmış görmək yalnız Türkiyə düşmənlərini sevindirir"

Türkiyədə baş verən dövlət çevrilişinə cəhdin ekspert dəyərləndirməsi.

“Sonadək bu işin mahiyyəti bəlli deyil. Türk Silahlı Qüvvətlərinin əsgər və zabitlərinin əllərini qaldırıb təslim olmasını göstərmək çox üzücüdü. Türk Silahlı Qüvvətlərini oyuna alət edib bu ağır duruma salınması Türkiyə dövlətini gücsüz hala saldı. Türkiyənin xarici və daxili düşmənləri bu durumdan yararlanacaq , bir zaman qürur mənbəyi olan Ordu polisə təslim duruma gətirildi. İndi PKK daha da ayaqlanacaq, Suriya ətrafında, tamamilə bölgədə Türkiyə zəif durumda olacaq”.

Bunu keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə müdiri, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl ANS PRESS-ə ötən gün Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, baş verən hadisələr Türkiyə düşmənlərini sevindirir.

İlham İsmayıl
İlham İsmayıl

Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sadəcə dövlət çevrilişinə cəhd olduğunu qeyd edib. Ərdoğan hazırda ölkənin rəhbəri olduğunu bildirib.

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhtin qarşısının alındığını deyirlər. Rəsmi olaraq 336 nəfər həbs edilib. Qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm iki dəfə çoxdu - 734. Türkiyə polisi 16 əsgərin öldürülməsi barədə məlumat yayıb. Türkiyə polisi 16 əsgərin öldürülməsi barədə də məlumat yayıb.

“CNN Türk” verdiyi məlumata görə,  Türkiyədə ümumilikdə 90 nəfər həyatını itirib, 1154 nəfər isə yaralanıb.