İraqda daha bir terror hadisəsi 9 nəfərin həyatına son qoydu 12 İyul 12:01

İraqda daha bir terror hadisəsi 9 nəfərin həyatına son qoydu

Hadisə ilə bağlı məsuliyyəti heç bir terror qruplaşması öz üzərinə götürməyib.

İraqın paytaxtı Bağdad bu səhər yenidən qan gölünə çevrilib. ANS PRESS-in məlumatına görə, Bağdadın şimalında minalanmış avtomobilin partaldılması nəticəsində 9 nəfər həlak olub 32 nəfər yaralanıb.

Hələki terror aktı ilə bağlı məsuliyyəti heç bir terror qruplaşması öz üzərinə götürməyib.

İraqda xüsusən də paytaxt Bağdadda terror hadisələri demək olar ki hər həftə baş verir. Ötən həftə baş verən  terror aktı ardınca silahlı atışma nəticəsində 35 nəfər ölüb, daha 52 nəfər xəsarət alıb. Bələd şəhərində partlayıcı maddə ilə yüklənmiş avtomobil insanların sıx olduğu yerdə partlayıb.

Partlayışdan sonra silahlılar sakinlərə atəş açıb. 

Ən geniş miqyaslı terror hadisəsi isə iyulun 4 də baş verib. Ardıcıl olaraq baş verən partlayışlar 250-dən çox insanın həyatına son qoyub.

"Arabian Sky News" telekanalının məlumatına görə, birinci partlayış dini mərkəzin yaxınlığında törədilib. Binanın yaxınlığında minalanmış avtomobil partladılıb.

Bir müddət sonra, İraq paytaxtının şimalında Əş-Şaab bazarının yaxınlığında əldəqayırma partlayıcı qurğu işə düşüb.

Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatının silahlıları öz üzərlərinə götürüblər.

İraq rəsmi dairələrinin məlumatına əsasən partlayış sakinlərin Ramazan ayının başa çatması münasibətilə bazarlıq etdikləri Karrada məhəlləsində törədilib.

Baş verən terror hadisələrinin sayının artması İraq ordusunun Əl-Fəllucaya hücum etməsi və şəhərin İŞİD-dən azad edilməsi ilə əlaqələndirilir.

Ötən ayın 23-də İraq hərbi qüvvələri şəhərə iri miqyaslı hücumlara başlayıb. İraq hakimiyyəti yerli sakinlərə şəhəri tərk etməyi, yaxud da atəşə məruz qalmamaq üçün evlərin üzərindən ağ bayraq asmağı tövsiyyə edib.

Şəhər paytaxt Bağdaddan qərbdə yerləşir. İŞİD döyüşçüləri 2014-cü ildən şəhəri nəzarətdə saxlayırlar. Əl-Fəlluca müharibəyə qədər İraqın ən böyük şəhərlərindən biri idi. Şəhərdə təxminən 350 min insan yaşayırdı.

Bağdad-terror
Bağdad-terror