Mais Məmmədovun Əsası 12 İyul 18:12

Mais Məmmədovun Əsası

"Mən Azərbaycan Jurnalistikasında elə bir fəxri ad tanımıram ki, o Mais müəllimə verilsin və bu Adqoydu Real Vəziyyəti əks etdirsin".

Doğum günü ad günü deyil. Doğum günü bir dəfə olur, ad günü hər dəfə. Mais Məmmədov kimi insanların ad günü hər gün olur. Adın qazanıldığı və doğrulduğu hər gün. Doğum günü hər adama, ad günü isə xüsusi adamlara aiddir. Hər gün Ad Qazanan adlara. Mais Məmmədovun bədənində Sağlam Bir Ruh var. Şəkəri və zəhəri ilə birlikdə. Şəkəri özü və dostları, zəhəri düşmənləri üçündü!

Mais Müəllim Azərbaycan Televiziyasının Ən Böyük Şəxsidir. Və yeganə şəxsidir ki, əvəzliyi yoxdu! Olmayacaq da. Çünki Mais Əvəzolunmazdı. Ona azca və ya çoxca bənzəmək olar, amma o olmaq yalnız O-na məxsusdu. Mais Məmmədovun içində qəribə bir işıq var, o işıq yaşlaşdıqca artır. Hər gün səhər tezdən saat 5-də evdən çıxır, işə gəlir, gecə saat 21-30-da evə gedir. Və bunu o 78 yaşında edir. Əlində əsa, bəzən səndələyərək, büdrəyərək. Amma Mais müəllimin əsası əlindən düşmür. Bu əsa coğrafiya müəlliminin çubuğu da ola bilər. Musa peyğəmbərin əsası da. Bu əsa fırtına da yarada, dəryaya da çevrilə, camış da, qamış da ola bilər....

Mais müəllimin tərcümeyi halı halımızın tam tərcüməsidir.
Burada Ən Yeni Tariximiz yerləşir. O artıq epoxadi!

Mais Məmmədov bəlkə də çoxdan dünyadan gedə bilərdi, amma bilirsiniz, niyə getmədi, ona görə ki, ANS-ə, sevimli işinə, doğma peşəsinə, istədiyi insanların yanına gəlmək istəyir. Onu bu dünyada çox səbəblər saxlayır. Amma ən böyük səbəb yəqin ki, elə ona Allahın verdiyi missiyadır. Mais müəllimin yaşı çoxalır... Gözünün işığı azalır, ayaqlarının taqəti azalır, amma artan da var: Onun Çəkisi. Mən Azərbaycan Jurnalistikasında elə bir fəxri ad tanımıram ki, o Mais müəllimə verilsin və bu Adqoydu Real Vəziyyəti əks etdirsin. Əksinə, belə demək olar: Mais Məmmədov adına Azərbaycan Telejurnalistikası. Ad günü də əslində elə budu.

Mais müəllimin Əsasında dayanan Telejurnalistikamız. Səni təbrik edirəm!

Özüm bu günün sonunda yazdım... Dedim axı bayaq, Mais Müəllim kimi insanların ad günü hər gün olur...

Adı ilə böyüsün... TELEJURNALİSTIKAMIZ!!!