Moskva Ankara çağırış etdi 16 İyul 15:05

Moskva Ankara çağırış etdi

"Türkiyə xalqı və hakimiyyəti mövcud problemi zorakılıq olmadan həll etməlidir"

Moskva Türkiyənin qanuni seçilmiş hakimiyyəti ilə işləməyə hazır olduğunu bəyan edib. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatında deyilir.

"Biz Türkiyə Respublikasının qanuni seçilmiş rəhbərliyi ilə konstruktiv işləməyə hazır olduğumuzu təsdiq edirik. Bunu biz ikitərəfli münasibətlərin inkişafı üçün ölkələrimizin xalqlarının rifahı naminə, səmərəli yolların axtarışı, aktual beynəlxalq məsələlərin həlli, terrorizm təhlükəsinə qarşı mübarizə naminə edirik", - deyə bəyanatda bildirilir. 

Moskvada Türkiyə xalqını və hakimiyyətini mövcud problemi zorakılıq olmadan, konstitusiyaya hörmət edərək, həll etməyə çağırıblar.

Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunun sadəcə dövlət çevrilişinə cəhd olduğunu deyir. Ərdoğan hazırda da ölkənin rəhbəri olduğunu bildirib.

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirlər. İndiyənədək, rəsmi məlumata görə, 2839 nəfər həbs olunub.

Türkiyədə ümumilikdə 265 nəfər həyatını itirib (161 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb.