Nabranda çimərlikdə ət kəsən cərimələndi 18 İyul 16:54

Nabranda çimərlikdə ət kəsən cərimələndi

İstirahət ərazisini zibilliyə çevirənlər də cəzasız qalmadı.

Xəzər dənizinin Xaçmazın Nabran ərazisindəki çimərliklərində antisanitariya vəziyyətini yaradanların bəziləri cərimələnib. ANS PRESS-in məlumatına görə, qanun pozanlar 6oo-700 manat arası cərimə ödəməli olacaqlar.

DİN-nin İctimai təhlükəsizlik idarəsinin əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı ərazi idarəsilə birgə keçirdiyi yoxlama nəticəsində çimərliklər ərazisində 3 yerdə çirkab sularının birbaşa dənizə axdığı müəyyənləşib.

Ərazidə həmçinin böyük bir zibilliyin qalaqlanaraq vaxtında daşınmaması da məlum olub. Bu məsələ ilə baglı da protokol yazılıb. Araşdırmalar nəticəsində müəyyənləşib ki, Nabran ərazisində daimi zibil poliqonu yoxdur. Elə zibilin vaxtında daşınmamasının əsas səbəblərindən biri də budur. Bu məsələ ilə baglı rayonun aidiyyatı qurumları qarşısında məsələ qaldırılması qərara alınıb.

Çimərlik ərazisində qadağan edilmiş yerdə ət kəsimi faktı da aşkarlanıb. Bunu həyata keçirənlər də cərimə olunub. Sahil boyu yoxlamalar mütamadi davam etdiriləcək.