Nitsadakı terror aktı təhlükəsizlik məsələlərini gündəmə gətirib 15 İyul 20:39

Nitsadakı terror aktı təhlükəsizlik məsələlərini gündəmə gətirib

Tədbirlər zamanı Daxili İşlər Nazirliyinin və Təhlükəsizlik Xidmətinin əməkdaşları gücləşdirilmiş iş rejimində işləyir.

Fransanın Nitsa şəhərində baş verənlər ölkəmizdə insanların kütləvi toplaşdığı yerlərdə, xüsusilə stadionlarda təhlükəsizlik məsələsini gündəmə gətirib. ANS PRESS Bakıda keçirilən tədbirlər zamanı həmin ərazilərin təhlükəsizlik qaydalarını araşdırıb.

Paytaxtda ən çox konsertlərin, tədbirlərin keçirildiyi Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, ərazidə bütün tədbirlər zamanı təhlükəsizlik yüksək səviyyədə qorunur.

"Hər bir konsert və ya istənilən tədbir zamanı həm Bulvar İdarəsinin Mühafizə Xidməti, həm Səbail rayonunun post-patrul xidməti  gücləndirilmiş iş rejimində işləyir. Bundan başqa, konserti təşkil edən təşkilat qabaqcadan rayon polis bölmələrinə, Daxili İşlər Nazirliyinə müraciət edərək, bildirirlər ki, Bulvarın hansı hissəsində və hansı saatda tədbir keçiriləcək və oraya kütləvi insan axını olacaq. Daxili İşlər Nazirliyi həmin an gücləndirilmiş iş rejimində çalışır. Eyni zamanda, təcili yardım maşınları da Bulvar ərazisinə yaxın vəziyyətdə dayanır ki, qəfildən kiminsə halı pisləşsə, ona dərhal köməklik göstərilsin", - deyə qurum rəsmisi bildirdi.

Nazim Məcidov qeyd etdi ki, indiyənədək Bulvarda təşkil olunan hər hansı bir kütləvi tədbir zamanı böyük narahatçılıqlar yaşanmayıb. 

Rəis müavini əlavə etdi ki, konsert olan zaman Bulvar ərazisində nəqliyyatın hərəkəti tam dayandırılır. "Dənizkənarı Bulvarda olan balaca "car" maşınlar, qatarlar, sudaşıyan, zibildaşıyan avtomobillər həmin vaxt işləmirlər". 

Nazim Məcidov - Bulvar İdarəsinin rəis müavini
Nazim Məcidov - Bulvar İdarəsinin rəis müavini

Nəzərə alsaq ki, insanlar təkcə konsertə baxmaq üçün deyil, müxtəlif oyunlara tamaşa etmək üçün bir araya gəlirlər, o zaman, paytaxta fəaliyyət göstərən meydanların da təhlükəsizliyi vacib amil kimi ortaya çıxır. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyir ki, istər yerli, istərsə də beynəlxalq oyunlar zamanı meydanların təhlükəsizlik problemi qabaqcadan görülür. 

"Biz təhlükəsizlik tədbirləri görərkən, təkcə, terrorun ola biləcəyini düşünüb görmürük. Bizim üçün həmin əraziyə vətəndaşların rahat girib-çıxması da əsas məsələlərdən biridir. Hər bir yarışdan bir neçə saat əvvəl meydançalarda, xüsusilə, paytaxtda böyük meydançalardan biri olan Tofiq Bəhramov adına meydançada Daxili İşlər Nazirliyinin, Təhlükəsizlik Nazirliyinin əməkdaşları olur. Bundan başqa, hər bir meydançada kameralar quraşdırılıb", - deyə Səmayə Məmmədova əlavə etdi.

Səmayə Məmmədova - Gənclər və İdman Nazirliyinin mətbuat xidmətini rəhbəri
Səmayə Məmmədova - Gənclər və İdman Nazirliyinin mətbuat xidmətini rəhbəri

Ötən gecə Fransanın Nitsa şəhərində terror aktı baş verib. Baş vermiş terror aktında ölənlərin sayı 84 nəfərə çatıb. Hadisə nəticəsində yaralı sayı isə 120 nəfərdir. Onlarla insanın ölümünə səbəb olmuş bu hadisənin əvvəlcədən planlaşdırıldığı məlum olub. Məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. 

Bastiliyanın alınmasının ildönümünə həsr olunan  tədbirdə yük maşını insanların üstünə sürülüb. Daha sonra bayram tədbirinə toplaşanlara atəş açılıb. 

Hadisədə ölən və yaralananlar arasında Rusiya, Ukrayna, Ermənistan vətəndaşları olsa da, azərbaycanlılar yoxdur.

Bakı şəhərində də müxtəlif yerli və beynəlxalq tədbirlərin tez-tez keçirildiyini nəzərə alıb, ictimai yerlərdə baş verən cinayətlərin profilaktikası daim diqqət mərkəzində olmalı, ictimai təhlükəsizlik əleyhinə olan digər cinayətlərin qarşısının alınması üzrə tədbirlər daha da gücləndirilməlidir. İnsanların daha çox toplaşdığı və digər izdihamlı yerlərdə xidmət aparan post-patrul naryadları daim ayıq-sayıq olmalı, şəxsi heyətin peşə hazırlığı artırılmalıdır.