Polis saxta pul satanlara qarşı xüsusi əməliyyat keçirdi 13 İyul 17:29

Polis saxta pul satanlara qarşı xüsusi əməliyyat keçirdi

Ekspertiza saxta manatların həqiqi əskinasdan heç də fərqlənmədiyini üzə çıxarıb.

Paytaxtda saxta 8000 manatı 3500 manata satmaq istəyən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, daxili işlər orqanları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında keçirilən xüsusi əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri Allahverdi Ələkbərov və Rafiq Şahverdiyev paytaxtın Nəsimi rayonu ərazisində saxta 8000 manatı 3500 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.

Saxlanılan şəxslərin Bakı şəhərində kirayə qaldıqları mənzilə baxış zamanı oradan da əlavə olaraq saxta pul əskinasları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Keçirilən xüsusi ekspertiza zamanı müəyyən edilib ki, aşkar edilən saxta manatlar həqiqi əskinaslardan heç də çox fərqlənmir.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.