Prezidentin yola saldığı idmançılara “Zika”ya qarşı dərman verildi 18 İyul 15:24

Prezidentin yola saldığı idmançılara “Zika”ya qarşı dərman verildi

Azərbaycanın Rioda 56 idmançı ilə təmsil olunacaq.

"Azərbaycan idman dövlətidir və ölkəmizdə idmanın inkişafı ilə bağlı məqsədyönlü siyasət aparılır. Düşünülmüş siyasət idmanı Azərbaycan cəmiyyətində önəmli amilə çevirib”. ANS PRESS-in məlumatına görə, bunu Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimində çıxış edən prezident İlham Əliyev deyib. Milli Olimpiya Komitəsinin prezidenti avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində başlayacaq XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə əminliyini vurğulayıb. Yay Olimpiya Oyunlarında Azərbaycanın 56 idmançı ilə təmsil olunacağını deyən dövlətimizin başçısı budəfəki oyunlara 57 lisenziyanın qazanıldığını diqqətə çatdırıb. 

"Cəmiyyətimizdə idmançıların layiqli yer tutduğunu və idmanla məşğul olmaq istəyənlərin sayının getdikcə artdığını vurğulayıb. Bunun əsas səbəbi idmançılarımızın uğurları və onlara göstərilən dövlət qayğısıdır".

Prezident İlham Əliyev ötən il tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Yay Olimpiya Oyunları səviyyəsində keçirilən birinci Avropa Oyunlarının idmançılara və qonaqlara ölkəmizlə yaxından tanış olmaq imkanı verdiyini deyib. “Dünya gördü ki, Azərbaycan inkişaf etmiş, müasir ölkədir və bu ölkənin güclü idmançıları var”.

Prezident ötən ay Bakıda keçirilən və beynəlxalq reytinqdə mühüm yer tutan, tamaşaçı auditoriyası 500 milyon olan Formula-1 Avropa Qran-prisinin respublikanın və Bakının təbliği baxımından mühüm tədbir olduğunu bildirib. 

Prezident İlham Əliyev deyib ki, bu il Bakıda Dünya Şahmat Olimpiadası, gələn il isə IV İslam Həmrəylik Oyunları keçiriləcək. “Ancaq güclü dövlətlərdə güclü idman olur və Azərbaycan idmanının inkişafı ümumi inkişafımızın təzahürüdür”.

Rio Olimpiadasına gedən idmançılarımız Olimpiya andını içib, dövlət bayrağını öpüblər. Prezident İlham Əliyev onlara xeyir-dua verərək uğurlar diləyib.

Mərasim başa çatdıqdan sonra İlham Əliyevə XXXI Yay Olimpiya Oyunlarında atletlərimizin geyinəcəyi idman forması təqdim olunub. Bildirilib ki, bütün idmançılarımız “Zika” virusu əleyhinə dərman vasitələri və digər tibbi ləvazimatlarla təmin olunub