"Qalatasaray" ulduzunu rəsmən satdı 13 İyul 15:19

"Qalatasaray" ulduzunu rəsmən satdı

"Aslanlar" "Mançester Yunayted"lə qarşılaşacaq.

"Qalatasaray" brazilyalı futbolçusu Aleks Tellesi "Portu"ya satıb. ANS PRESS-in məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bu transfer Türkiyə klubuna 6,5 milyon avro qazandırıb. Müqavilə ilə "Qalatasaray"a məxsus olan braziliyalı ötən mövsümü icarə əsasında Milan "İnter"ində keçirib. Bir müddət əvvəl 23 yaşlı müdafiəçinin transferi barədə iki klub arasında anlaşma əldə olunduğu barədə xəbər verilmişdi. Razılığa əsasən, "Portu" "Qalatasaray"a 6,5 milyon avro ödəyəcək.

Həmin oyunçunun başqa kluba satışı zamanı İstanbul təmsilçisi 10 faiz pay alacaq.

Aleks Telles
Aleks Telles

"Qalatasaray" Aleks Tellesi 2014-cü ildə"Qremio"dan 6,5 milyon avroya almışdı. İstanbul klubunda 60 oyun keçirib 2 qol vuran müdafiəçi ötən yay 1,3 milyon avroya icarəyə verildiyi "İnter"in heyətində 22 rəsmi matça çıxıb. "Transfermarkt" ona 8,5 milyon avro qiymət qoyub.

Bu arada "Qalatasaray" klubu "Mançester Yunayted"lə qarşılaşacaq. Bu yoxlama qarşılaşması "sarı-qırmızılar"ın İsveç və Danimarkada keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. Mourinyonun çalışdırdığı "qırmızı şeytanlar"la "Qalatasaray"ın görüşü iyulun 30-da Bakı vaxtıyla 22:30-da start götürəcək.

Tərəflər bir-birini İsveçin Göteburq şəhərində yerləşən "Ullevi" stadionunda sınağa çəkəcəklər.