Qəbul imtahanlarının ödənişli olacağı cəmiyyətdə birmənalı qarşılanmır 14 İyul 16:20

Qəbul imtahanlarının ödənişli olacağı cəmiyyətdə birmənalı qarşılanmır

"Ali məktəbə qəbul imtahanı verənlərin ödənişli imtahana buraxılması, bu, qətiyyən qəbul edilən deyil."

Ötən gün Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qəbul imtahanlarının pullu olacağı ilə bağlı verdiyi açıqlama cəmiyyətdə rezonans doğurub. ANS PRESS-in məlumatına görə, insanlar qurum rəsmisinin bu açıqlamasına qarşı çıxıblar.

"Qəbul imtahanlarının ödənişli olması fikrini nə ictimaiyyət, nə xalq, nə də hökümət qəbul eləməməlidir"

"Onsuz da hər addım başı əhalidən pul yığılır. İndi də keçiblər qəbul imtahanlarına. Hər kəsin təhsil almaq və sağlam yaşamaq hüququ var. Amma qəbul imtahanlarını pullu eləməklə oxumağa həvəsi olanların da həvəsini öldürürlər. Deyirlər ki, gələn ildən qəbul imtahanına iştirak etmək üçün 25 manat ödənilməlidir. Niyə? Məktəbin binası üçün, yoxsa, orada olan partalar üçün... Bəs, 25 manatı olmayan nə edəcək? İmtahana girə bilməyəcək? Sonra da deyirlər, biz təhsilin inkişafına çalışırıq. Belə də inkişaf olar? ", - deyə övladı gələn il məzun olacaq valideyn ANS PRESS-ə şikayət etdi.

Qəbul imtahanlarının gələn ildən ödənişli olmasına qarşı çıxanlar arasında təhsil işçiləri də var. Onlar Məleykə Abbaszadənin müsahibəsinə qarşı çıxaraq, bu məsələni xalqa, hökümətə qarşı atılan addım kimi qiymətləndirirlər.

Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev deyir ki, hər şeydə qazanc axtarmaq, hər şeydə pul axtarmaq nə mənəvi cəhətdən, nə də iqtisadi cəhətdən etik deyil. "O ki qaldı bilavasitə ali məktəbə qəbul imtahanı verənlərin ödənişli imtahana buraxılması, bu, qətiyyən qəbul edilən deyil. Məleykə xanım, olduqca böyük dövlət əhəmiyyətli səhvə yol verir. Çünki ali məktəbə qəbul imtahanı bir nəfərin şəxsi marağı üçün deyil. İmtahan verən şəxs ali məktəbə qəbul olacaq, kadr kimi hazırlanacaq və ölkənin təsərrüfatının inkişafında iştirak edəcək. Yəni həmin şəxs ölkəyə xidmət edəcək. Belə çıxır ki, Məleykə xanım ölkənin inkişafının nədən ibarət olduğunu nəzərə almır, yaxud nəzərə almaq istəmir".

Əjdər Ağayev Məleykə Abbaszadənin qiymət verməklə məşğul olduğunu deyərək, onun bu yanaşmasına nəinki "2", hətta, "0" qiymətinin belə verilməsinin çox olduğunu vurğuladı. Ekspert əlavə etdi ki, bu fikri nə ictimaiyyət, nə xalq, nə də hökümət qəbul etməməlidir. "Belə düşüncəni ümumiyyətlə sıradan çıxarmaq lazımdır". 

Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru, təhsil üzrə ekspert Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin rəhbərinin "bir abituriyentin imtahanda iştirak etməsi 25 manata başa gəlir" fikri ilə razı deyil. 

"Mən belə hesab edirəm ki, bu məbləğ çoxdur. Onsuz da qəbul imtahanında iştirak edən şəxs imtahanda bunun üçün 3,56 manata ödəniş kartı alır. Nəzərə alsaq ki, qəbul imtahanlarında iştirak etmək üçün 90 minə yaxın insan sənəd təqdim edir. Bu məbləği də 3,56 manata vursaq, ortaya böyük məbləğ çıxır. Abituriyentə isə imtahanda yalnız 20 səhifəlik sual kitabçası və 1 vərəqlik cavab kartı verilir. Bir sual kitabçasının hazırlanması isə maksimum 60 qəpiyə başa gəlir".

Ekspert vurğuladı ki, əgər  DİM imtahana cəlb edilən nəzarətçilərin məbləğini də nəzərdə tutursa, imtahanlara 2500 nəzarətçi cəlb olunur ki, bunların da hər birinə 30 manat verilir. Bu da əldə edilən gəlirdən dəfələrlə azdır.

Kamran Əsədov əlavə etdi ki, DİM-nin imtahan nəticələri beynəlxalq nəticələr kimi qəbul edilməyincə, xidmət haqqı artırıla bilməz.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyir ki, gələn ildən qəbul imtahanlarına nə qədər pulun veriləcəyi hələ ki, dəqiq deyil. Dəqiq rəqəm Tarif Şurasının qərarından sonra bilinəcək. O, Məleykə Abbaszadənin "imtahanların 25 manata başa gəlməsinə" münasibət bildirərək, bu rəqəmin təxmini olduğunu dedi.

"Məleykə xanım adətən bir abituriyent üçün xərclənən məbləği açıqlayıb. Bu xərclərə daxildir: imtahan üçün nəzərdə tutulan binaların təşkili, nəzarətçilərə, imtahan rəhbərlərinə olan ödəniş, nəqliyyat xərcləri, rayonlardakı imtahanlara ezam olunmuş nəzarətçilərin ezamiyyət haqqı və s.", - deyə Xanlar Xanlarzadə bildirdi.

Mətbuat xidmətinin rəhbəri eyni zamanda bildirdi ki, qəbul imtahanları məcburi olmadığından, bu imtahanlarda ödənişi ödəyə bilənlər iştirak edəcək.

Xanlar Xanlarzadə - magistratura üzrə aparıcı məsləhətçi
Xanlar Xanlarzadə - magistratura üzrə aparıcı məsləhətçi

Xarici təcrübəyə nəzər salsaq, görərik ki, inkişaf etmiş ölkə olan Almaniyada nəinki imtahanlar pulsuzdur, ümumiyyətlə, ötən ildən həmin ölkədə ali təhsil tam pulsuz olub. Alman dilini bilən xarici vətəndaşlar belə orada tamamilə ödənişsiz təhsil ala bilərlər. 

Ötən gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yerli saytların birinə müsahibə verərək, gələn ildən qəbul imtahanlarının ödənişli olacağını demişdi. Onun sözlərinə görə, imtahanlarda dövlət bir şəxsə 25 manat pul xərcləyir. Amma bəzən minlərlə insan imtahanda iştirak etmir, buna məsuliyyətsiz yanaşır. 

Sədr qeyd edib ki, imtahanların keçirilməsi üçün hər bir şəxsə görə çəkilən xərc onlara dövlət büdcəsindən verilir. İndi isə verilməyəcək. Ona görə də hər bir şəxs pulu özü ödəyəcək. 

Məleykə Abbaszadə onu da əlavə edib ki, məsələ ilə bağlı arayışlar müəyyən bir sənəd kimi Tarif Şurasına təqdim ediləcək. Tarif Şurasında bu sənədlərə baxılacaq.

İctimai rəyi nəzərə alaraq, deyə bilərik ki, qəbul imtahanlarının ödənişli olmasına heç kim razı deyil. Ölkədə manatın devalvasiyasından sonra insanların çörək pulunu güclə tapdığını nəzərə alıb, "ödənişli qəbul imtahanları" fikrinin dövlət tərəfindən qəbulu yol verilməzdir. Bunun üçün istər Dövlət İmtahan Mərkəzi, istərsə də, Təhsil Nazirliyi geniş kütlənin fikrinə hörmətlə yanaşaraq, bu yanaşmadan əl çəkməlidirlər.