Sarkisyanın son Qarabağ bəyanatının arxasında nə durur? 13 İyul 19:20

Sarkisyanın son Qarabağ bəyanatının arxasında nə durur?

Ermənistan prezidenti böyük güclərin münaqişənin həllindəki rolundan danışıb.

“Dünya dövlətləri Dağlıq Qarabağ münaqişəsini güc yolu ilə həll edə bilər”. ANS PRESS-in məlumatına görə, bu sözləri “Əl Maydin” telekanalına müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan deyib.

O bildirib ki, hətta bütün dünya birləşsə, Qarabağ xalqını (erməniləri nəzərdə tutur) Azərbaycanın tərkibində yaşamağa inandıra bilməyəcək.

Sarkisyanın ərəb televiziyasına müsahibəsi zamanı verdiyi bu açıqlama Ermənistan cəmiyyətinin və mətbuatının diqqətindən yayınmayıb.

"Lragir.am" saytının jurnalisti Akop Badalyan Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk dəfə “incə mövzuya” toxunduğunu yazıb.

Badalyan “incə mövzu” ifadəsini Sarkisyanın “böyük güclər münaqişəni güc yollu ilə həll edə bilər” cümləsi ilə əlaqələndirib.

Ermənistan rəhbərliyi daima Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüzlüyünü qeyd edirdi. 

Sarkisyanın fikirlərini ANS PRESS-ə şərh edən  "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri Elxan Şahinoğlu deyib ki, aprel döyüşləri Ermənistan rəhbərliyinin Qarabağ ümidlərini alt-üst edib.

“Artıq Ermənistan hakimiyyəti və cəmiyyəti anlayır ki, münaqişə danışıqlar masası arasında həll olunmasa, Azərbaycan ordusu yenidən öz gücünü göstərəcək. Hazırda Sarkisyan da başa düşür ki, bütün dünya birliyi Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.

Həmçinin beynəlxalq ictimaiyyət istəyir ki, Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkibində varlığına razılaşsın. Ermənistan prezidenti müsahibəsində səsləndirdiyi fikirlərlə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir", - deyə Elxan Şahinoğlu bildirib.

Elxan Şahinoğlu - politoloq
Elxan Şahinoğlu - politoloq

Elxan Şahinoğlu deyib ki, Sarkisyanın bu fikirləri NATO-nun Varşava sammitindən sonra səsləndirməsi təsadüfi deyil.

"Çünki sammitin yekun bəyanatında post-sovet məkanında olan münaqişələrin dövətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməsi birmənalı şəkildə təsdiq edilir. Bu isə  Ermənistana və Sarkisyanın işğalçı niyyətlərinə böyük zərbədir", - deyən siyasi şərhçi əlavə edib ki, bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsbət bəyanatların verilməsi İrəvanda narahatlıq yaradıb.

Məlumdur ki, NATO sammitində Ermənistanın əsas müttəfiqi olan Rusiyanın regiondakı təsirini azaltmaq üçün kəskin bəyanatlar verilib. Sarkisyan da başa düşür ki, NATO regionda Rusiyanın təsirini azaltmaq üçün əlindən gələni edir.

NATO-nun Varşava sammiti
NATO-nun Varşava sammiti

Həmçinin Ermənistan hərbi-siyasi rejimi onu da anlayır ki, Rusiyanın əleyhinə olan qərb dövlətlərinin dəstəyini qazanan Azərbaycan torpaqlarını müharibə yolu ilə azad etməyə daha yaxındır.