Şəhidlərin qəbrüstü abidəsi nə zaman qoyulacaq? 12 İyul 18:04

Şəhidlərin qəbrüstü abidəsi nə zaman qoyulacaq?

İcra Hakimiyyəti söz verdi.

Aprel döyüşlərində baş verən döyüşlərdə canlarından keçmiş xaçmazlı şəhidlərin qəbirlərinin üstününü hələ də düzəldilməməsi ailələrini narahat edir. ANS PRESS-in məlumatına görə, məzarının üzərinə Azərbaycan bayrağı salınan şəhid Elvin Mirzəyevin valideynləri onun igidliklə şəhid olmasından qürur duyduqlarını desələr də, qəbrin  hazır olmamasından və şəhidin təltifinin gecikməsindən narahatdırlar. 

“Ordenin gecikməsinə görə narahat olurdum. Uşağım aprel ayında şəhid olub. Oğlum aprelin 16-da təltif edilib. Orden az qala 100 gün ərzində 150 km məsafəni gəlib çıxa bilmir? Düşünürdüm ki, bəlkə heç ona orden verilməyib", deyə şəhidin atası Azadxan Mirzəyev bildirib.

Amma artıq ailənin Elvin Mirzəyevin təltifi ilə bağlı narahatlığına son qoyulub. Müdafiə Nazirliyinin və yerli icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal Elvinin valideynlərinə təqdim edildi. 

Şəhidin qəbrinin üstünün hələ də götürülməməsinə gəlincə isə, Elvin Mirzəyevin atası deyib ki, İcra Hakimiyyəti artıq söz verib. Yaxın 10 gün ərzində Elvinin qəbri götürüləcək.

Mayın 3-də Goranboy da şəhid olan digər xaçmazlı şəhid Əmrah Yüzbəyovun da ailəsi onun qəbrinin düzəldiləcəyi günü gözləyir. Haçıməmmədoba kəndinin yeganə şəhididir və ləzgi xalqının nümayəndəsi olan Əmrah Yüzbəyov sosial şəbəkədə "şəhid olmaq hər adama qismət olmur" paylaşması ilə yadda qalıb. Atası Aydın Yüzbəyov deyir ki, rayonun icra qurumu artıq abidənin hazırlanmasına vəd verib.

“Bu məsələ bizi narahat edir. Bununla əlaqədar İcra Hakimiyyətinə getmişik. Bu yaxınlarda qəbirüstü düzələcək”.

Xaçmaz İcra Hakimiyyətindən də bildirilib ki, yaxın günlərdə Elvin Mirzəyevin və Əmrah Yüzbəyovun qəbirüstü abidələri hazır olacaq. Artıq qəbir daşlarının sifarişi verilib.