Təhsil nazirindən pullu imtahan xəbərinə reaksiya 14 İyul 14:13

Təhsil nazirindən pullu imtahan xəbərinə reaksiya

"Məsələnin geniş müzakirəyə eytiyacı var".

Qəbul imtahanlarının gələn ildən ödənişli əsasla həyata keçirilməsi əvvəlcə geniş müzakirə olunmalıdır. ANS PRESS-in məlumatına görə, bunu Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin hesabatında deyib.

Nazir Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qəbul imtahanlarının gələcəkdə ödənişli əsaslarla aparılması fikrinə münasibət bildirərək, qeyd edib ki, bu məsələ haqqında qanun geniş şəkildə müzakirə olunduqdan sonra qəbul olunacaq.

"DİM müstəqil və yeni yaradılan qurum, publik hüquqi şəxsdir. Təbii ki, onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır. Eyni zamanda, həmin mərkəzin göstərdiyi xidmətlərin hər hansı bir şəkildə maliyyələşdirilməsi məsələsi qoyulur. Lakin burada başqa bir məsələ təhsilalanlar üçün xidmətlərin sifarişçisi kimi dövlətin çıxış etməsidir. Ona görə də həmin xidmətlərin ödənişinin kim tərəfindən həyata keçirilməsi sual yaradır. Bunun dövlət büdcəsindən, yoxsa başqa mənbələrdən maliyyələşəcəyi sual altındadır. Ona görə məsələ müzakirəsiz həll oluna bilməz", - deyə nazir bildirib. 

Mikayıl Cabbarov əlavə edib ki, bu məsələnin həllinə həmkarı Məleykə Abbaszadə və digərləri ilə  birgə işlənərək baxılacaq.

Mikayıl Cabbarov - Təhsil naziri
Mikayıl Cabbarov - Təhsil naziri