Tələbə Pirşağıda boğuldu 12 İyul 05:10

Tələbə Pirşağıda boğuldu

Xəzər dənizində 20 yaşlı gənc bədbəxt hadisənin qurbanı olub.

Bakıda 20 yaşlı tələbə dənizdə boğulub. ANS PRESS-in məlumatına görə, hadisə Xəzər dənizinin Pirşağı qəsəbəsi ərazisində baş verib.

Oğuz rayonunun Bucaq kənd sakini, Azərbaycan Texniki Universitetinin tələbəsi 20 yaşlı Şaban İsgəndərli iyulun 5-də son imtahanını versə də, rayona qayıtmayıb. Bakının Binəqədi rayonu ərazisində xalası gildə yaşayan Şaban İsgəndərli valideynlərinə bildirib ki, bir fakültədən digərinə köçürülmək istəyir və bu səbəbdən Bakıda daha bir neçə gün qalmalıdır. İyulun 9-da 20 yaşlı tələbə xalasına dənizə getmək istədiyini bildirib. O, xalasının etirazlarına baxmayaraq çimərliyə yollanıb.

Sudan çıxarıldıqdan sonra meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə aparılıb. Şaban İsgəndərlinin yaxınlarına xəbər verilib və onlar gənc tələbəni tanıyıblar.

Meyit ötən gecə ailə üzvlərinə təhvil verilib və dəfn olunmaq üçün Oğuz rayonunun Bucaq kəndinə aparılıb. Şaban İsgəndərli atasını tez itirib və anasının himayəsində yaşayıb.