Turistlər Azərbaycanda nəyi bəyənmir? 14 İyul 12:56

Turistlər Azərbaycanda nəyi bəyənmir?

Turistlərin ən çox sevdiyi isə yeməklərimiz olub.

Turistlər Azərbaycanda ən çox nəyi bəyənir və bəyənmir? ANS PRESS-in məlumatına görə, iyul ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ASAN könüllüləri ilə birgə Bakı şəhərində turistlərin daha çox olduğu İçəri Şəhərdə (Qoşa Qala qapısının qarşısındakı meydanda) və Nizami küçəsində qısa sosioloji sorğu keçirilib. 

Sorğuda 3 saat müddətində 247 nəfər turist iştirak edib. 

247 respondentdən 19%-i Rusiyanın, 16%-i BƏƏ-nin, 10.5%-i Türkiyənin, 9%-i İraqın, 8%-i İranın, 6.5%-i Ukraynanın, 4.5%-i Böyük Britaniyanın, 26.5%-i isə digər ölkələrin payına düşür.

Həmçinin turistlərin 55%-nin birinci dəfə, 45%-nin isə artıq bir neçə dəfə Azərbaycana səfər etdiyi vurğulanıb. 

“Azərbaycanda nəyi bəyəndiniz?” sualına turistlərin 39%-i Azərbaycan mətbəxini, 28%-i hər şeyi, 21%-i İçəri Şəhəri, Qız Qalasını, Fəvvarələr Meydanını, Dənizkənarı Bulvarı, 7%-i isə müasir arxitekturanı bəyəndiyini bildirmişdir.

Ölkəmizdəki turistlərə verilən “nəyi bəyənmədiniz?” sualına isə, cavab olaraq turistlər qiymətlərin baha olmasını, ictimai nəqliyyatın rahat olmamasını, internet sürətinin zəif olmasını, ümumilikdə əhalinin, xüsusən də taksi sürücülərinin ingilis dilində zəif bilməsini qeyd ediblər.