Türkiyədə “Başı kəsilən” əsgər danışdı 18 İyul 17:47

Türkiyədə “Başı kəsilən” əsgər danışdı

"Sağ-salamat Avcılarda yaşayıram"

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı başı kəsildiyi deyilən əsgərin sağ olduğu bəlli olub. ANS PRESS-in məlumatına görə, bu barədə "Anadolu Agentliyi" nə Burak Salıvermez özü xəbər verib.

"Bir günün içində məni "öldürdülər". Bu xəbərlərin hamısı yalandır. Sağ-salamat Avcılarda yaşayıram",- deyə Burak Salıvermez bildirib .

Salıvermez baş verən hadisələrdən məyus olduğunu bildirib. Burak Salıvermez 1993-cü il Bahçelievlerdə doğulduğunu və hazırda Avcılarda yaşadığını qeyd edib. O, 2013-cü ildə Şanlıurfada əsgərlikdə olduğunu, 2014-cü ildə əsgərliyini bitirərək evinə döndüyünü bildirib. Türkiyədə baş verən son hadisələr zamanı sosial şəbəkə iştirakçıları Burak Salıvermez adlı şəxsin şəkillərini paylaşaraq onun başının kəsilərək öldürüldüyünü bildirmişdi.

Burak Salıvermez
Burak Salıvermez

İyulun 15-də axşam saat 22:00 radələrində Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi ölkədə dövlət çevrilişinə cəhd edib. Hadisələr əsasən İstanbul və paytaxt Ankarada cərəyan edib. Hərbçilər əvvəlcə İstanbulun iki böyük magistral “ - Boğaziçi” və “Fatih Sultan Mehmet” körpülərində avtomobillərin hərəkətini dayandırıblar. Ağır zirehli texnika ilə körpünün giriş-çıxışları bağlanıb.

Gecə saatlarında prezident Rəcəb Tayyib Ərdoğan "CNN Türk" telekanalında canlı yayımda skayp vasitəsilə bağlantı yaradaraq xalqa çağırış edib. "Prezident və ali baş komandan olaraq xalqı dövlət çevrilişinin qarşısını almaq üçün meydanlara və hava limanlarına axın etməyə çağırıram".

Prezidentin bu çağırışından sonra xalq meydanlara çıxıb və hərbçilərlə toqquşmalar olub. Nəticədə 290 nəfər həyatını itirib. Öldürülən insanların 161 nəfəri mülki şəxsdir. Xalqın iradəsi nəticəsində dövlət çevrilişinin qarşısı alınıb.

Bundan sonra Türkiyə Silahlı Qüvvələrində kütləvi həbslər başlayıb. Saxlanılanların sayı isə 6 mini ötüb. Onların arasında onlarla general və zabit, 2745 hakim və prokuror da var. Dövlət çevrilişinə cəhd edənlərin həbs edilməsi üçün Türkiyə polisi tərəfindən əməliyyatlar davam edir.