Türkiyədə daha 8 general tutuldu 17 İyul 15:05

Türkiyədə daha 8 general tutuldu

Onlar Sabiha Gökçen Hava Limanında saxlanılıb.

Türkiyədə hərbi çevriliş uğurla nəticələnəcəyi təqdirdə təşkil ediləcək hərbi vəziyyət komandanlıqlarının başına təyin olunacaq 8 general Sabiha Gökçen Hava Limanında saxlanılıb. ANS PRESS-in məlumatına görə, Türkiyə mətbuatı yazır ki, həmin generalların hamısı Hərbi Hava Qüvvələrinin rütbəliləri olub. 

Belə ki, Hava Qüvvələri Komandanlığı bundan əvvəl baş tutan "Balyoz" və "hərbi casusluq" kimi proseslərdə də Dəniz Qüvvələri ilə birlikdə ən çox əməkdaşın həbs edildiyi və rütbələrinin ləğv edildiyi hissə olub.

Saxlanılan generallar bunlardır: İrfan Can, İmdat Bahri Bibər, Fethi Alpay, Haluk Sahar, Mehmet Özlü, Ahmet Biçər, Şaban Umut, Serdar Gülbaş. Onların hamısı İstanbul Terorla Mübarizə İdarəsinə aparılıb.

II Ordusunun komandanı Adəm Huduti (sol),Malatya qarnizonunun komandanı general-mayor Avni Anqun (sağ)
II Ordusunun komandanı Adəm Huduti (sol),Malatya qarnizonunun komandanı general-mayor Avni Anqun (sağ)

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

Hadisədən sonra Türkiyə ordusunda böyük həbslər dalğası başlayıb. Türkiyə II Ordusunun komandanı Adəm Huduti, Balıkəsirdəki hərbi hava bazasının komandanı general-leytenant İshaq Dayıoğlu, Malatya qarnizonunun komandanı general-mayor Avni Anqun, III piyada diviziyasının komandanı general-leytenant Xəlil İbrahim Engin və Denizli qarnizonunun komandanı general-mayor Kamil Özhan Özbakır saxlanılıb.

Bu gün səhər isə daha bir general saxlanıldı. Həmin şəxs İstanbulda hərbi çevrilişə cəhdə görə aparılan xüsusi əməliyyat çərçivəsində tutulan 12-ci hərbi hava bazasının komandanı general-mayor Camal Akyıldız olub.

General Erdal Öztürk isə bu gün səhər kafedə yemək yeyərkən tutulub.

Daha bir neçə hərbçi isə Yunanıstana qaçmağa çalışarkən tutulub.