Türkiyədə həbs dalğası polisə sıçradı - 8777 nəfərin silahı alındı 18 İyul 14:51

Türkiyədə həbs dalğası polisə sıçradı - 8777 nəfərin silahı alındı

Onlar barədə müvafiq qərar veriləcək.

Türkiyədə hərbi çevriliş cəhdinin qarşısının alınmasından sonra həbs dalğası polis darəsinə də sıçrayıb. ANS PRESS-in məlumatına görə, əməliyyat nəticəsində Türkiyə Daxili İşlər Nazirliyi sistemindən uzaqlaşdırılan dövlət məmurlarının sayı açıqlanıb. Nazirlik sistemində ümumilikdə 8 min 777 məmur vəzifədən kənarlaşdırılıb. Onların arasında 16 hüquq müşaviri, 1 baş müdir, 2 idarə rəisi də var.  Bu şəxslərdən neçə nəfərinin həbs olunduğu açıqlanmayıb.

Bu gün səhər isə 7 min 850 polisin silahının əlindən alınması ilə bağlı xəbər yayaılmışdı. 

Gecə boyunca polis idarələrinə çağrılan həmin polislərin silahları ilə yanaşı, şəxsiyyət vəsiqələri də əllərindən alınıb. Həmin heyət haqqında daha sonra müvafiq qərarlar veriləcəyi qeyd olunub. 

İyulun 15-də axşam saat 22:00 radələrindəTürkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi ölkədə dövlət çevrilişinə cəhd edib. Hadisələr əsasən İstanbul və paytaxt Ankarada cərəyan edib. Hərbçilər əvvəlcə İstanbulun iki böyük magistral “ - Boğaziçi” və “Fatih Sultan Mehmet” körpülərində avtomobillərin hərəkətini dayandırıblar. Ağır zirehli texnika ilə körpünün giriş-çıxışları bağlanıb.

Gecə saatlarında prezident Rəcəb Tayyib Ərdoğan "CNN Türk" telekanalında canlı yayımda skayp vasitəsilə bağlantı yaradaraq xalqa çağırış edib. Cəhdin qarşısı alınıb. 

İndiyədək rəsmi məlumata görə, 6000-dən çox insanın həbs olunduğu deyilir.

Baş verən bu hadisə nəticəsində Türkiyədə ümumilikdə 290 nəfər həyatını itirib, 1500-dən çox insan yaralanıb.