Türkiyədə ikinci çevriliş cəhdinin qarşısı belə alınıb 17 İyul 23:17

Türkiyədə ikinci çevriliş cəhdinin qarşısı belə alınıb

Zibil və yanğınsöndürmə maşınları qiyamçıları avia bazadan çıxmağa mane olub.

Türkiyədə dövlət çevrilişinə ikinci cəhdin qarşısı alınıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, qiyama cəhd edən həbçilər ötən gün Malatya şəhərində yerləşən aviabazanı ələ keçiriblər. Onlar bazadan F-4E 2020 hərbi təyyarəsini, bombaları və raketləri götürüb uçmaq istəyiblər.  

Qiyamçılar silahları döyüş təyyarələrinə yükləyib ucuşa hazırlaşıblar. Həmin vaxt silahlı dəstənin uçuşa hazırlaşdığından xəbər tutan Malatya valiliyi və polis idarəsi onların qarşısını qeyri-adı formada ala bilib.

Şəhər rəhbərliyinin əmri ilə bir neçə dəqiqə ərazində ələ keçirilən hərbi  bazanın uçuş zolağı zibil maşınları və yanğınsöndürən maşınlar tərəfindən bağlanılıb.

Nəticədə qiyama hazırlaşan hərbiçilər öz niyətlərinə çata bilməyiblər.

İyulun 15-də gecə saatlarında həmin hərbiçilər   Kayseri şəhərində yerləşən  avia bazaya hücum ediblər.

Onlar iki Airbus A400M və 6 ədəd C-130 hərbi yük təyyarəsi ilə 39 yüksək rütbəli hərbiçini, qırıcılar üçün ləvəzimatları  və müxtəlif növ silahları daşıyıblar.

Türkiyədə 15 iyul axşam saatlarında dövlət çevrilişinə cəhd baş verib. Yüksək rütbəli hərbiçilərin başçılıq etdiyi qiyam zamanı əsgərlər ilk növbədə Avropa və Asiyanı birləşdirən körpüləri bağlayıblar.

Daha sonra Ankara polis idarəsini və Türkiyə Böyük Millət Məclisinin binasını bombalayıblar.  

Üsyana etiraz edən vətəndaşlar Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra küçələrə çıxıblar.

Xalqın və siyasi hakimiyyətin birliyi nəticəsində qiyam yatırılıb. XİN-nin yaydığı son  açıqlamada 290 nəfər öldüyü, 1400 nəfərin isə yaralandığı bildirilir. Onlardan 190-ı mülki şəxs və təhlükəsizlik qüvvələrinin əməkdaşı, 100 nəfər qiyamçı hərbiçilərdir.