"Türkiyədəki hadisələr İlham Əliyevi çox narahat edir" 16 İyul 12:55

"Türkiyədəki hadisələr İlham Əliyevi çox narahat edir"

Prezident Administrasiyasının rəsmisi qardaş ölkədəki çevrilişə cəhdə münasibət bildirib.

Novruz Məmmədov Türkiyədə baş verən hərbi çevrilişə cəhdə münasibət bildirib. ANS PRESS-in məlumatına görə, Prezident Administrasiyasının rəhbərinin müavini Türkiyədə baş verən hadisələrə rəsmi Bakının mövqeyini açıqlayıb.

"Biz bu prosesləri narahatlıqla izlədik. Prezident İlham Əliyev də bütün gecəni çox narahat olub. Türkiyədə baş verənlər dövlət çevrilişinə cəhddir. Bu, Türkiyə xalqının iradəsinə, Ana Yasaya (Konstitusiya) qarşı yönəlmiş çevrilişdir. Azərbaycan bu cür cəhdləri qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir", - deyə Administrasiya rəsmisi qeyd etdi.

Novruz Məmmədov İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan, eləcə də iki ölkə arasındakı münasibətlərin qardaş münasibətləri olduğunu vurğulayaraq, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu diqqətə çatdırdı. 

"Türkiyə əvvəlki Türkiyə deyil. Orada  belə çevriliş cəhdləri reallaşsa da, qəbuledilə bilməz. Türkiyənin başında bu gün xalqının demokratik yolla seçdiyi prezidenti, höküməti var. Xalq prezidentinin arxasındadır. Düşünürəm ki, bu çevriliş cəhdi Türkiyə tarixində son çevriliş cəhdi kimi yadda qalacaq", - deyə qurum rəsmisi əlavə etdi.

Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunun sadəcə dövlət çevrilişinə cəhd olduğunu deyir. Ərdoğan hazırda da ölkənin rəhbəri olduğunu bildirib.

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirlər. İndiyənədək,  rəsmi olaraq 336 nəfər həbs edilib. Qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm iki dəfə çoxdur - 734.

Türkiyə polisi 16 əsgərin öldürülməsi barədə də məlumat yayıb.

CNN Türkün məlumatına görə,  Türkiyədə ümumilikdə 90 nəfər həyatını itirib, 1154 nəfər isə yaralanıb.