Türkiyənin daha bir hərbi attaşesi tutuldu 18 İyul 14:25

Türkiyənin daha bir hərbi attaşesi tutuldu

Səudiyyə Ərəbistanından Türkiyəyə dəstək

Dövlət çevrilişinə uğursuz cəhddən sonra Avropaya qaçmağa çalışan Türkiyənin Küveytdəki hərbi attaşesi Mikail Güllü tutulub. ANS PRESS-in məlumatına görə, Güllü Ankaranın sorğusu əsasında Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Qiyamçılar tərəfindən Makina və Kimya Sənayesi Təşkilatına baş direktor təyin edilməsi planlaşdırılan diplomat Dəmmam şəhərinin beynəlxalq hava limanından tranzit keçişlə Avropaya getməyə çalışarkən saxlanılıb. Güllünün Amsterdam üzərindən Almaniyanın Düsseldorf şəhərinə getməyə çalışdığı bildirilib. Hazırda Güllünün Türkiyəyə qaytarılması üçün işlər aparılır.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbi müşaviri saxlanılıb. Polkovnik Ali Yazıcı hərbi çevrilişə cəhd planının iştirakçısı olmaqda günahlandırılır. Prezidentin baş katibi Fahri Kasırğanın da Yazıcı tərəfindən qaçırıldığı iddia edilir.

Mikail Güllü
Mikail Güllü

2015-ci ildə bu vəzifəyə təyin edilən Yazıcı bundan əvvəl Bolqarıstanda hərbi ataşşe işləyib. Yazıcı  ilə bərabər Türkiyənin 11-ci prezidenti Abdulla Gülün dövründə hərbi müşavir olan İsmail Güneşer də saxlanılıb.

İyulun 15-də axşam saat 22:00 radələrində Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi ölkədə dövlət çevrilişinə cəhd edib. Hadisələr əsasən İstanbul və paytaxt Ankarada cərəyan edib. Hərbçilər əvvəlcə İstanbulun iki böyük magistral “Boğaziçi” və “Fatih Sultan Mehmet” körpülərində avtomobillərin hərəkətini dayandırıblar. Ağır zirehli texnika ilə körpünün giriş-çıxışları bağlanıb.

Gecə saatlarında prezident Rəcəb Tayyib Ərdoğan "CNN Türk" telekanalında canlı yayımda skayp vasitəsilə bağlantı yaradaraq xalqa çağırış edib. "Prezident və ali baş komandan olaraq xalqı dövlət çevrilişinin qarşısını almaq üçün meydanlara və hava limanlarına axın etməyə çağırıram".

Prezidentin bu çağırışından sonra xalq meydanlara çıxıb və hərbçilərlə toqquşmalar olub. Nəticədə 290 nəfər həyatını itirib. Öldürülən insanların 161 nəfəri mülki şəxsdir. Xalqın iradəsi nəticəsində dövlət çevrilişinin qarşısı alınıb.

Bundan sonra Türkiyə Silahlı Qüvvələrinə kütləvi həbslər başlayıb. Saxlanılanların sayı isə 6 mini ötüb. Onların arasında onlarla general və zabit, 2745 hakim və prokuror da var. Dövlət çevrilişinə cəhd edənlərin həbs edilməsi üçün Türkiyə polisi tərəfindən əməliyyatlar davam edir.