Vəzifəli məmurların Azərbaycanın şimalında hasara aldığı torpaqlar 14 İyul 20:06

Vəzifəli məmurların Azərbaycanın şimalında hasara aldığı torpaqlar

Sadə vətəndaşlar deyir ki, zəbt olunan torpaqlarda heç kimə imkan vermirlər.

İstifadəyə yararlı torpaqların vəzifəli şəxslər tərəfindən zəbt olunması, təyinatı üzrə istifadə edilməməsi ölkə prezidentinin dilindən bir daha gündəmə gəldi.

ANS PRESS-in məlumatına görə, sadə insanlar prezidentin bu dəstəyini müsbət qiymətləndirərək reallıqda yerli sakinlərin torpaqsızlıqdan çox əziyyət çəkdiklərini deyirlər.

Bildirirlər ki, ailə sayına görə, lazımi qədər torpaq sahəsi ala bilmədikləri halda yüksək çinli məmurlar hektarlarla ərazini hasara alıb heç kimə imkan vermirlər.

Küpçal kənd sakini Bəylər Əmrahov deyib ki, torpağı zəbt edənlərin heç biri sadə vətəndaş deyil, ancaq varlılardır. “Ona görə də tədbir görülsə, daha yaxşı olar. Çünki 6 hektar, 10 hektara qədər torpaqlar hasara alınır, amma heç biri istifadə olunmur. Hal-hazırda gedib yol kənarında baxa bilərsiz”, - deyə o bildirib.  

Qələdüz kənd sakini Babək Heydərov isə zəbt edilən torpaqların istifadəsiz qalmasından narahat olduğunu deyib. Mən bir vətəndaş kimi bu işlərə pis baxıram. Yəni torpağı zəbt edirlər, amma istifadəsiz qalır. Elə ərazilər var ki, 99 il müddətinə icarəyə görürlər. Bura meşələr də daxildir”,-deyə kənd sakini bildirib.

Müşahidələrimiz də onu göstərir ki, Qubanın əksər səfalı əraziləri hasara alınıb. Hasara alınaraq əkilməyən torpaqlar arasında örüş, çay sahili, meşə kənarı, hətta meşədaxili ərazilər də var.

Həmçinin Qubanın Xınalıq, Qımıl kənd yolları boyu onlarla dəbdəbəli evlərin də, istirahət mərkəzlərinin də əhalinin istifadə edə biləcəyi yerlərdə ucaldığını gördük. Əksər bahalı imarətlər də zəbt edilmiş torpaqlarda inşa edilib. Dövlət başçısının işlək torpaqlarla bağlı məmurlara sərt iradı bəzi qurumları hərəkətə keçirib.

Hələlik Qubada zəbt edilmiş torpaqlarda inşa edilmiş bahalı evlərin söküldüyünü müşahidə etməsək də Əmlak Məsələri üzrə Dövlət Komitəsindən əldə etdiyimiz məlumata görə, torpaqların qanunsuz  tutulması ilə bağlı Komitə Xaçmazda kənd təsərrüfatı torpaqlarında 92, Qubada 83, Qusarda 74 qanun pozuntusu aşkar edib.

Müvafiq qurumlara bildirişlər verilərək protokol tərtib edilib. Qubadakı kənd təsərrüfatı idarəsindən də əməli işə keçdiklərini deyirlər.

Quba kənd təsərrüfatı idarəsinin rəisi Allahverdi Xudaverdiyev vəzifəli şəxslərin Quba rayonunda torpağı bir o qədər də zəbt etmədiyini deyib. Amma müəyyən qədər var. Biz də onun üzərində iş aparırıq. Araşdırmalar barədə mütamadi olaraq aidiyyatı qurumlara məlumatı verəcəyik”, - deyə Allahverdi Xudaverdiyev bildirib.

Ərzaq bolluğu yaratmağın əsası olan yararlı torpaqların məmurlardan alınıb sadə kəndliyə verilməsi əsasdır. Ona görə ki, kəndlinin bütün dolanışığı torpaqdan çıxır, həm də məhsul bolluğu bazarlarda sərfəli qiymət deməkdir.